Ukraynanın “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko məhkəmə iclası zamanı ölkədə mövcud hakimiyyəti faşist rejimi adlandırıb.
Doğru.az xəbər verir ki, məhkəmə prosesi TSN telekanalında canlı yayımlanıb. Timoşenko çıxışı zamanı hakimiyyət orqanlarının onu geri qayıtmamaq şərti ilə xaricə göndərmək üçün dəfələrlə cəhd etdiyini bildirib.
“İstəyirəm ki, hamı – həm NABU, həm də onlara göstəriş verənlər bilsinlər ki, ölkə mahiyyət etibarilə bu faşist rejimdən azad olunana qədər mən burada qalacağam”, – deyə siyasətçi vurğulayıb.
O, barəsində aparılan cinayət təqibini siyasi sifariş adlandıraraq bunun rəqiblərin aradan qaldırılmasına yönəldiyini bildirib.
Qeyd edək ki, Yuliya Timoşenko bundan əvvəl Ali Radada çıxışı zamanı Ukrayna Prezidenti Vladimir Zelenskini korrupsiyada ittiham etmişdi.
DOĞRU.AZ




























