Bakıda yerləşən Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Gənclik Kampusunda Türkiyə Maarif Vəqfi (TMV) tərəfindən təşkil olunan mətbuat konfransı zamanı Vəqfin gələcək planları və yeni təşəbbüsləri açıqlanıb.
Doğru.az xəbər verir ki, tədbirdə TMV-nin Azərbaycan və Türk dünyasında həyata keçirdiyi təhsil layihələri, tədris proqramları və strateji baxışları ətraflı təqdim olunub. Qurumun fəaliyyəti və gələcək hədəfləri barədə ətraflı məlumat verilib.
Konfransda TMV İdarə Heyətinin üzvü Prof. Dr. Mehmet Özkan, Asiya və Sakit Okean regionu üzrə departament rəhbəri Salih Sağır və Azərbaycanın TMV üzrə təmsilçisi Dr. Serdar Gündoğan iştirak ediblər. Onlar TMV-nin beynəlxalq təhsil modelinin ölkəmizdə tətbiqi, yüksək keyfiyyətli tədris mühiti və beynəlxalq əməkdaşlıqlar barədə fikirlərini bölüşüblər.
Tədbirdə bildirilib ki, 2016-cı ildən fəaliyyət göstərən Türkiyə Maarif Vəqfi bu günə qədər 55 ölkədə təhsil sahəsində mühüm addımlar atıb. Azərbaycandakı Maarif məktəbləri isə beynəlxalq təcrübəyə əsaslanan müasir təhsil metodlarını tətbiq etməklə seçilir.
Mətbuat konfransı başa çatdıqdan sonra jurnalistlər məktəbin Gənclik Kampusunu ziyarət edərək, onun infrastruktur imkanları və tədris mühiti ilə yaxından tanış olublar.
DOĞRU.AZ