Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Qazi Universitetində təşkil olunan Azərbaycan dili kursunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş açıq dərs keçirilib.
Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin və universitetin nümayəndələri, kurs iştirakçıları, Mədəni Diplomatiya və Əməkdaşlıq Dərnəyinin və Türkiyə Bilişim Dərnəyinin üzvləri iştirak ediblər. Azərbaycan dili kursunun təlimçisi Şəhla İbişova tədbirin mahiyyəti barədə məlumat verib. Ardınca Azərbaycan və Türkiyə dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Heydər Əliyevin zəngin irsi, Azərbaycançılıq ideologiyasının müəllifi və Türk dünyasının birliyi yolunda gördüyü işlərdən danışıb. Türkiyəli akademik Dr. Sinan Demirtürk isə Ulu Öndərin xarici siyasəti və Türkiyə ilə münasibətləri mövzusunda geniş təqdimatla çıxış edib.
Sonda Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “İz” sənədli filmi nümayiş olunub və kurs iştirakçıları Ulu Öndərin mədəniyyət və təhsil sahəsindəki fəaliyyətinə dair fikirlərini bölüşüblər.
DOĞRU.AZ