image-2000x150px
image-fotojet-2022-11-18t235915-660backend

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnirə start verilib – FOTO/VİDEO

image-728x90px

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirinin açılış mərasimi keçirilib.

Tennis Akademiyasında keçirilən mərasim Vətən Müharibəsi Şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirin bədii hissəsində xalq artisti Samir Cəfərovun Ulu Öndərə həsr olunmuş mahnılar ifa edib, gimnastika hamı üçün, brek dans və digər nümunəvi çıxışlar olub.

Tədbirdə komandaların təqdimatından sonra çıxış edən “Zirə” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri, Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov və gənclər və idman naziri Fərid Qayıbov iştirakçılara uğurlar arzulayıblar. Qeyd olunub ki, Azərbaycan idmanının ən böyük himayədarı ulu öndər Heydər Əliyevin xatirə turnirində bütün dövlət qurumları təmsil olunur.

Mərasimin rəsmi hissəsi Dövlət Himnimizin səsləndirilməsi ilə başa çatıb və ilk turun ilk oyununa start verilib.

İlk oyunda Dövlət Neft Şirkəti (SOCAR) ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) komandaları qarşılaşıblar. FİFA referiləri Əliyar Ağayev və Knyaz Əmiraslanovun idarə etdikləri oyunda topa ilk zərbəni “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov vurub.

Məlumat üçün bildirək ki, ümumilikdə 52 dövlət qurumu – nazirlik, komitə, səhmdar cəmiyyət, agentlik digər strukturların təmsil olunduğu yarış hər birində 13 komanda olmaqla, 4 qrupda start götürəcək.

19 noyabr 2022-ci il – 6 may 2023-cü il tarixlərini əhatə edən turnir 4 mərhələli (İlkin mərhələ, “Play-off”, İkinci mərhələ, “4-lər finalı”) sistem üzrə keçirilir.

İlkin mərhələdə püşkatma vasitəsilə komandalar A, B, C və D qruplarında mübarizəyə başlayır. Hər qrupda 13 komandanın iştirak edəcəyi qrup mərhələsi bir dövrədən ibarət olur. Bu mərhələdə ilk 8 yeri tutan komandalar ilkin mərhələnin “Play-off”una vəsiqə qazanır.

“Play-off”da 32 komanda iştirak edir. Bu mərhələdə qalib komandalar (16 komanda) turnirin ikinci mərhələsinə vəsiqə qazanır.

İkinci mərhələdə komandalar A, B, C və D qruplarında mübarizəyə başlayır. Hər qrupda 4 komandanın iştirak edəcəyi ikinci mərhələdə yalnız qrup qalibləri “4-lər finaI”ına vəsiqə qazanır.

“Dördlər finalında” komandalar ilk olaraq yarımfinalda qarşılaşır. Yarımfinal oyununun qalibləri finala vəsiqə qazanır, məğlub komandalar 3-cü yer uğrunda qarşılaşır.

Qeyd edək ki, oyunlar həftənin şənbə və bazar günləri saat 10:00-15:00 aralığında keçiriləcək.

Gənclər və İdman Nazirliyinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə dövlət qurumları arasında təşkil etdiyi yarış 2023-cü il mayın 6-dək davam edəcək.

 

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki