Dövlət İmtahan Mərkəzinin (DİM) II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları tarixdə ilk dəfə olaraq Xankəndi şəhərində təşkil olunub. Bu, işğaldan azad edilmiş bölgələrdə keçirilən ilk qəbul imtahanı kimi mühüm hadisə hesab edilir.
Doğru.az xəbər verir ki, imtahanlar Qarabağ Universitetində keçirilib. Burada yalnız Xankəndidən deyil, həmçinin Xocalı, Ağdərə, Şuşa və Laçında yaşayan abituriyentlər də iştirak edirlər. Bundan əlavə, Füzuli rayonundakı M.Uluqbəy adına məktəbin, Cəbrayıl rayonundakı M.Mehdizadə adına məktəbin və Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndidə verirlər. Ümumilikdə 51 abituriyentin imtahanda iştirakı gözlənilir.
Bu imtahan işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsində atılan mühüm addımlardan biridir və bölgə gənclərinin ali təhsil imkanlarının genişləndirilməsində əhəmiyyətli rol oynayır.
DOĞRU.AZ