2026-cı ilin yanvar ayında Yaponiya Çinlə münasibətlərin soyuması fonunda zooparklardakı bütün pandalarını itirəcək.
Doğru.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb. Bildirilib ki, Tokio Zooparkında saxlanılan əkiz pandaların yanvar ayının sonunda Çinə qaytarılması planlaşdırılır. Bununla da Yaponiya yarım əsrdən sonra ilk dəfə pandasız qalacaq.
Qeyd olunur ki, Xiao Xiao və Lei Lei adlı pandalar 2021-ci ildə anadan olduqdan sonra Tokio ilə Pekin arasında bağlanmış ikitərəfli icarə müqaviləsi çərçivəsində Ueno Zooparkında saxlanılırdı.
Məqalədə vurğulanır ki, Yaponiyanın gələcəkdə yenidən panda əldə etməsi perspektivləri sual altına düşüb. Buna səbəb kimi Yaponiyanın baş naziri Takaiçinin 7 noyabrda Parlamentdə Tayvan ətrafında yaranmış vəziyyətin Yaponiya üçün “yaşamaq təhlükəsi” yarada biləcəyi və ölkə ordusunun ABŞ-ı dəstəkləmək üçün hərəkətə keçə biləcəyi barədə açıqlaması göstərilir.
Xatırladaq ki, noyabr ayında Yaponiyanın Çinlə münasibətlərinin pisləşməsi fonunda pandalarını itirmək riski ilə üzləşdiyi artıq bildirilmişdi.
DOĞRU.AZ




























