Bu gün ADA Universitetində keçirilən Beynəlxalq Təmiz Enerji Gününə həsr olunmuş dəyirmi masada iştirak edilib. Tədbir İqtisadi Əməkdaşlıq Təşkilatlarının Təmiz Enerji Mərkəzi və Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Doğru.az xəbər verir ki, tədbirin əsas mövzusu regionda təmiz enerjiyə keçidi sürətləndirmək və əməkdaşlığı genişləndirmək olub. ADA Universitetinin rektoru və millət vəkili Fariz İsmayılzadə, Energetika nazirinin müavini Elnur Soltanov, İƏT TEM-in icraçı direktoru Aysel Yaqubova və BMT-nin Azərbaycandakı nümayəndəsi İqor Qarafuliç çıxış ediblər.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov tədbirdə “Azərbaycanın enerji strategiyası” kitabını təqdim edib.
Tədbirin ən diqqətçəkən hissəsi regional Hakatonun qaliblərinin mükafatlandırılması olub. Azərbaycan, Türkiyə, Pakistan, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan olan gənclər rəqəmsal enerji həlləri üzərində çalışıblar. Qaliblər enerji məsələlərini data və ağıllı platformalar vasitəsilə həll etmələri ilə alqışlara layiq görülüblər.
Tədbirdə vurğulanıb ki, yaşıl enerji haqqında danışmaq asandır, amma onu hərəkətə çevirmək əsas məsələdir. Görülənlər göstərir ki, Azərbaycan artıq bu prosesin içindədir və bu sadəcə rəsmi bəyanat yox, real addımların başlanğıcıdır.





























