image-2000x150px
image-interpress_01af85e24eae1a344782002c947406b5_ejuo5cmqlar4ft3z71k0backend

YENİ ÖZƏLLƏŞDİRMƏ QANUNU – Prezidentə və deputatlara güvənirik, yoxsa Konstitusiya Məhkəməsinə?

image-728x90px

Məlumat üçün qeyd edək ki, özəlləşdirmə çekləri 1996-cı ildə tarixi sosial ədaləti təmin etmək üçün mərhum Prezident Heydər Əliyev tərəfindən 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Hər bir çekin dəyəri isə 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.
2011-ci ildən etibarən tədülü dayandırılsa da, ekspertlər bu addımı qanunazidd hesab edir. Öz növbəsində çekləri əllərində qalmış vətəndaşlar da əmindirlər ki, vauçerlərin tədavülü bərpa ediləcək, həm də müddətsiz şəkildə…

Azərbaycan İnvestisiya Holdiqinin yaradılması, ölkəboyu müşahidə olunan kompleks islahatlar, gəlir gətirməyən dövlət müəssisələrinin özəlləşdirilməyə çıxarılacağı ilə bağlı rəsmi açıqlamalar da bu əminliyi artırır. Milli Məclisin deputatları, ziyalılar, iqtisadçılar, ictimai-siyasi xadimlər məsələ ilə bağlı hökumətə çağırışlar ediblər.
Bu gün özəlləşdirmə çekləri tədavüldə olmasa da, vətəndaşlar bunun qanunsuz olduğunu bildirirlər. Ona görə də əlində çeki qalan şəxslər hüquqlarının bərpa olunacağı günü gözləyirlər. Hətta çek sahibləri ölkə başçısı İlham Əliyevə açıq məktubla müraciət ediblər.

Mövzu ilə bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Yenicag.az-a müsahibə verib:

– Zahid bəy, son zamanlar özəlləşdirmə çekləri ilə bağlı məsələ yenidən gündəmdədir. Bu məsələ ilə bağlı sizə müraicət edilirmi?

– Parlament üzvü kimi bildirim ki, müxtəlif vətəndaşlarımızın çoxsaylı müraciətləri fonunda özəlləşmə çekləri ilə bağlı məsələ bu və ya digər formada gündəmdə özünə yer edib. Bu məsələdə müvafiq dövlət strukturlarının daha geniş izahatlar aparmasına və bir sıra addımlar atmasına ehtiyac var. Çünki istər hüquqi, istərsə də taktiki məsələlərdə, bəlkə də, Konstitusiya Məhkəməsi səviyyəsində hüquqi təsvirə ehtiyac olan mövzular var. Bu yöndə müraciət edən şəxslər, əsasən, konkret arqumentlərlə çıxış edirlər. Sovet dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir. Bu çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Əksər şəxslər özəlləşdirmə prosesində iştirak edə bilmədiklərini irəli sürürlər və o çekləri hələ də saxlayırlar. Tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində çeki qalan şəxslərlə bağlı konkret addımlar atılmalı və ya onların hüquqlarının bərpası üçün özəlləşmə zamanı hansısa payı özündə ehtiva edən mülklərlə bağlı tədbirlər görülməlidir. Fikrimcə, bu məsələdə hüquqi cəhətdən mübahisələndiriləcək məqamlar yetərincədir.

– Zahid bəy, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “İnvestisiya fəaliyyəti haqqında” yeni qanun layihəsi müzakirə olunur. Parlamentin yaz sessiyasında müzakirəyə çıxarılacaq yeni qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində investisiya yalnız dövlət ehtiyacları üçün, habelə Mülki Məcəllədə nəzərdə tutulan digər hallarda bu qanuna uyğun olaraq milliləşdirilə və dövlət tərəfindən alına bilər. Qanunda investisiyanın milliləşdirilməsi və dövlət tərəfindən alınması zamanı ayrı-seçkiliyə yol verilməməsi və dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin qanunsuz qərarları (inzibati aktları) və hərəkətləri (hərəkətsizliyi) nəticəsində investorlara dəyən zərərin əvəzinin, o cümlədən əldən çıxmış faydanın Azərbaycan Respublikası və ya müvafiq yerli özünüidarəetmə orqanı tərəfindən ödənilməsi öz əksini tapıb. Sizcə, investisiya haqqında yeni qanunda o vaxtı özəlləşdirmə çeklərini investisiya qoymaq üçün almış xarici və yerli investorların tapdanan hüquqlarının bərpası ilə bağlı maddə qəbul olunmalıdırmı?

– Komitə üzvü kimi deyə bilərəm ki, yüzlərlə insan özəlləşdirmə çeklərini saxlayır. Əslində, dövlət tərəfindən özəlləşdirmə çeklərinin tədavülə buraxılmasında başlıca məqsəd prosesin şəffaf şəkildə aparılması ilə vətəndaşların hüquqlarının qorunması və iqtisadi mühit üçün imkanların əldə edilməsindən ibarət idi. Hazırda dövlət özəlləşmənin sayca bir neçə mərhələsini reallaşdırmaqdadır. İstər hesabatlar dövründə, istərsə də büdcə müzakirələri zamanı bu fikir irəli sürülür ki, dövlət bir sıra sahələrdə öz rolunu ya azaltmalı, ya da birgə idarəetmə sistemi formalaşmalıdır. Bir neçə gün öncə mətbuatda məlumat yayılmışdı ki, özəlləşdirmə çekləri ilə bağlı proses artıq bitib. Bu fonda özəlləşdirmə çeklərinə malik olan şəxslər hüquqlarının təminatı üçün Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.

Əslində, özəlləşdirmə çeklərinin yenidən tədavülü sahibkarlıq mühitinə müsbət təsir edə bilər. Eyni zamanda vətəndaşların hüquqlarının qorunması baxımından da uğurlu addım olar. Çünki ölkə rəhbəri hər zaman bu məsələyə xüsusi həssaslıqla yanaşır. Sosial Tədqiqatlar Mərkəzinin təmsilçisi kimi deyə bilərəm ki, bu istiqamətdə çağırışlar və tələblər var. Ona görə də özəlləşdirmə çekləri ilə bağlı məsələyə laqeyd yanaşmaq doğru deyil. Hesab edirəm ki, qarşıdakı zamanlarda parlamentin digər komitələri səviyyəsində ictimai müzakirələr aparmaqla problemin həlli istiqamətində hökumətə müvafiq təklifləri verə bilərik.

Bakı Dövlət Universiteti (BDU) Hüquq fakültəsinin dosenti, Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Mübariz Yolçiyev AYNA-ya müsahibəsinin mövzunun ən mühüm hüquqi aspektlərini şərh edib:

– Mübariz müəllim, bəzən mətbuatda dövlət özəlləşdirmə çekləri ilə bağlı bu çeklərin çıxarıldığı vaxt olduğu kimi, bu gün adi kağız olması barədə məlumatlar verilir. Bunu necə izah edərsiniz?

– Hesab edirik ki, bu yanaşma hüquqi əsaslandırmadan çox uzaqdır. Belə ki, qanunvericilik açıq-aydın ifadə edir ki, dövlət özəlləşdirmə çekləri qiymətli kağızıdır. Məhz I Dövlət Proqramının 3 bəndinin 4-cü abzasında deyilir ki, “dövlət özəlləşdirmə payı – adsız, (təqdim edənə) nağd qiymətli: kağız formasında olan, 4 (dörd) çekdən ibarətdir”. Bundan başqa qiymətli kağızlara dair beynəlxalq nəzəriyyələr olan “kreasyon nəzəriyyəsi”ni, “müqavilə nəzəriyyəsi”ni, “görünüşə etimad prinsipi ilə dəstəklənən müqavilə nəzəriyyəsi”ni nəzərə alaraq, dövlət özəlləşdirmə çeklərinin Azərbaycan Respublikası qanunvericiliyində hər hansı bir sənədin qiymətli kağız hesab olunması üçün tələb edilən məcburi şərtlərə cavab verdiyini deyə bilərik.
Çıxarıldığı vaxt qiymətli kağız olan bir sənədin bu gün artıq qiymətli kağız olmadığını iddia etmək isə Konstitusiyaya, qanunlarımıza, insan hüquqlarına dair beynəlxalq sənədlərə əsasən qəbuledilmzədir. Konstitusiyamızın, qanunlarımızın, insan hüquqlarına dair beynəlxaq sənədlərin tələblərini nəzərə alaraq deyə bilərik ki, nominal dəyəri –  inflyasiyanın təsirindən qorunan maddi ekvivalent olan dövlət özəlləşdirmə çekləri bu gün də ən bahalı DÖVLƏT QİYMƏTLİ KAĞIZIDIR!  Bütün bunlar əsasında hesab edirik ki, yeni özələşdirmə qanununda ya dövlət özəlləşdirmə çekləri tədavül (ödəniş) vasitəsi kimi dövriyyəyə qaytarılmalıdır, ya da Konstitusiya və Mülki Məcəlləyə uyğun olaraq vətəndaşlara inflyasiyadan qorunan əmlak dəyəri qədər kompensasiya ödənildikdən sonra, orta və böyük müəssisələrin özəlləşdirilməsi davam etdirilməlidir.

Bu, Konstitusiyamızın, qanunlarımızın və insan hüquqlarına dair beynəlxalq sənədlərin mülkiyyət hüququ ilə bağlı qaydalarının tələbidir.
Ulu Öndərimiz Heydər Əliyevin imzasını daşıyan Konstitusiya və özəlləşdirmə haqqındakı qanunlarda yazılmış hüquqi faktlar aksioma xarakteri daşıyır və beynəlxalq hüquqa əsaslanır. Bunları bilərək öz fikirlərində israr edənlər məsələyə obyektiv yanaşmadıqlarını göstərirlər. Hamı bilməlidir ki, özəlləşdirmə çekləri vətəndaşlara dövlət təminatlı miras əmlak payını almaq üçün Konstitusiya və qanunlar əsasında verilib. Məlum məsələdir ki, Dövlət və İcra Hakimiyyəti fərqli anlayışlardır. Yəni icra hakimiyyətinin heç bir normativ hüquqi aktı vətəndaşların əsas insan hüququ olan mülkiyyət hüququnu əlindən ala bilməz. Bu, ancaq məhkəmə qərarı və ya qanunla olmalıdır. Dövlət özəlləşdirmə çeklərinə “əhəmiyyətini itirmiş adi kağız parçasıdır” deyənlərə məsləhətim budur ki, məsləyə hüquq müstəvisində obyektiv elmi əsaslar ilə yanaşsınlar. “Təkcə qanununun qəbul edildiyi vaxt mövcud olan münasibətlərə tətbiq olunur” qaydasını xatırlasaq, bu fikirlərinin yanlış olduğu sübut olunur.

– Son olaraq, özəlləşdirmə çeklərini ümidlə saxlayan vətəndaşlara nə tövsiyə edərdiniz?

– Özəlləşdirmə çeklərinizi satmayın. Cənab Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə yeni özəlləşdirmə qanunu ən geci 2023-cü ildə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində qəbul olunacaq. Biz demokratik və hüquqi dövlətin vətəndaşlarıyıq. Konstitusiyaya, qanunlara, Ulu Öndərin tarixi sosial ədalət siyasəti və prinsipinə, eləcə də Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin Ulu Öndərin siyasətinin layiqli davamçısı olmasına güvənirik, güvənməliyik. Bu mənada 100 faiz əminliklə deyə bilərəm ki, Cənab Prezident artıq özəlləşdirmə çekləri ilə bağlı yeni qanun layihəsini hazırlayan hüquqşünas və mütəxəssislərə bu barədə öz göstərişlərini verib.

QEYD: Özəlləşdirmə payı və özəlləşdirmə çeklərinə aid müqayisəli hüquqi təhlil ilə bu KEÇİDdən tanışa ola bilərsiniz.

Əlavə məlumatlar:

Link 1

Link 2

Link 3

Link 4

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki