Sentyabrın 21-də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında məktəblilər, ictimaiyyət nümayəndələri və ziyalılarla araşdırmaçı jurnalist, türkoloq, tərcüməçi, “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Aida Eyvazlı Göytürklə görüş keçirilib.
Respublika Veteranları Təşkilatından AZƏRTAC-a bildiriblər ki, görüşdən əvvəl Azərbaycanın Dövlət Himni səslənib, Vətən uğrunda canından keçən şəhidlərin ruhu sükutla yad edilib.
Yazıçı-publisist, Ədəbiyyat Fondunun baş direktoru Varis Yolçuyev Aida Eyvazlının müstəqilliyimizin ilk illərindəki jurnalist fəaliyyəti barədə məlumat verib.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsinin icra edən polkovnik Cəlil Xəlilov onun yaradıcılığından bəhs edib, əsasən milli-mənəvi dəyərlərimizin, qəhrəmanlıq tariximizin təbliğinə həsr olunduğunu bildirib, qələmə aldığı “Qalibiyyət: şahidlər və şəhidlər” ikicildliyi, Abay Kunanbayevin, Platon Oyunskinin, Nursultan Nazarbayevin Azərbaycan dilinə tərcümə etdiyi əsərlərin tarixi əhəmiyyətindən danışıb.
“Şəhid ailələrinə dəstək” İctimai Birliyinin sədri, Aprel döyüşlərinin şəhidi Əbdülməcid Axundovun anası Ceyran Həsənova, filologiya elmləri doktoru Şərəf Cəlili, “Ulduz” jurnalının redaktoru, Əməkdar jurnalist Qulu Ağsəs, 34 saylı məktəbin direktoru, şəhid polkovnik Sənan Axundovun həyat yoldaşı, ictimai xadim Nəcibə Axundova, Bakı Slavyan Universitetinin doktorantı, qazaxıstanlı alim Altın Tukumbayeva çıxış edərək Aida Eyvazlı Göytürkün yaradıcılığı, onun şəhidlərimizə həsr etdiyi kitabları, tərcümələri, türk irsi və tarixinə dair apardığı araşdırmalar barədə ətraflı bəhs ediblər.
Aida Eyvazlı Göytürkə vətənpərvərlik tərbiyəsinin təbliğindəki xidmətlərinə görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fəxri fərmanla təltif edilib.
Görüşdə çıxış edən Aida Eyvazlı yaradıcılıq planları, həyata keçirəcəyi layihələr haqqında məlumat verib.
Görüş hərbi-vətənpərvərlik mahnılarının ifası ilə başa çatıb.
DOĞRU.AZ