Fevralın 3-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyero ilə görüşü keçirilib.
Doğru.az xəbər verir ki, görüşdə turizm üzrə ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub.
Görüş zamanı xanım səfir Azərbaycan turizm sənayesini təmsil edən heyət üçün Meksikaya tanışlıq səfərinin təşkil ediləcəyini bildirib. Həmçinin Fuad Nağıyev 27–30 aprel tarixlərində Akapulko şəhərində keçiriləcək Latın Amerikası regionunun ən böyük və nüfuzlu sərgilərindən biri olan “Tianguis Turistico Mexico 2026” tədbirində iştiraka dəvət olunub.
Fuad Nağıyev Azərbaycan tərəfinin Meksikanın aparıcı bloger və media nümayəndələrinin ölkəmizə tanışlıq səfərinin keçirilməsinə hazır olduğunu qeyd edib. Görüşdə BMT Turizm və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları ətrafında da fikir mübadiləsi aparılıb.
DOĞRU.AZ




























