Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova bu ölkənin daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətilə təbrik məktubu ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı məktubunda Türkmənistanın bitərəflik statusunun sülhsevərlik, dialoq və qarşılıqlı hörmət prinsiplərinə söykənən türkmən xalqının tarixi irsinə və adət-ənənələrinə əsaslandığını qeyd edib. Vurğulayıb ki, bu gün Türkmənistanın daimi bitərəflik siyasəti regionda və qlobal səviyyədə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində vacib rol oynayır.
“Biz ölkənizin bitərəflik siyasətinə daim hörmətlə yanaşırıq. Məhz bu səbəbdən Azərbaycan Respublikası həm 1995-ci, həm də 2015-ci illərdə BMT Baş Assambleyasının ölkənizin bitərəflik statusu ilə bağlı müvafiq qətnamələrinin həmmüəllifi olmuşdur.
İnanıram ki, qardaş xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkmənistan dövlətlərarası münasibətlərinin xoş ənənələrini yaşatmaq və möhkəmləndirmək, strateji tərəfdaşlığımızı dərinləşdirmək yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”, – deyə Azərbaycan Prezidenti əlavə edib.
DOĞRU.AZ




























