Bu ilin əvvəlinə qədər sentyabrın 1-dək ölkə əhalisinin sayı 24 611 nəfər və ya 0,24 faiz artaraq 10 milyon 249 min 500 nəfərə çatıb.
Doğru.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin 54,4 faizi şəhər, 45,6 faizi kənd sakinləridir. Kişilər əhalinin 49,8 faizini, qadınlar isə 50,2 faizini təşkil edir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində oktyabrın 1-dək 19 109 nəfərdən ibarət 4 826 ailənin bərpa olunmuş yaşayış məntəqələrinə qayıdışı təmin edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, həmin tarixə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı 38 304 nəfər təşkil edib. Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 2 152 tələbə də nəzərə alınmaqla, işğaldan azad olunmuş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 59 565 nəfərə çatıb.
DOĞRU.AZ