“AzerGold” QSC 2025-ci ilin avqust ayından Kəlbəcər rayonunun ərazisində yerləşən Zod qızıl yatağında genişmiqyaslı geoloji tədqiqatlara başlayıb.
Doğru.az xəbər verir ki, bunu şirkətin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin rəhbəri Ariz Tarverdiyev açıqlayıb.
Qeyd edilib ki, ərazidə mina və partlamamış hərbi sursatların təmizlənməsi səbəbindən proses əvvəlcə ləng gedib. Hazırda yatağın Azərbaycan hissəsində geoloji qiymətləndirmə işləri sürətlə davam etdirilir. Sahənin topoqrafik planlanması tamamlanıb, filizlərin geokimyəvi sınaqları aparılıb.
Ehtiyatların qiymətləndirilməsi üçün buruq quyuları layihələndirilib və qazma işləri icra olunur. Növbəti mərhələdə mühəndis-geoloji, metallurji-texnoloji və hidrogeoloji tədqiqatların aparılması nəzərdə tutulur.
Şirkət tədqiqat nəticələrinin mərhələli şəkildə ictimaiyyətə təqdim olunacağını bildirib.
DOĞRU.AZ





























