Paytaxtın nəqliyyat sisteminin daha da müasirləşdirilməsi istiqamətində növbəti mühüm layihənin icrasına başlanılıb.
Doğru.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, layihə çərçivəsində “Çinarlı” yaşayış kompleksini Abay Kunanbayev küçəsi ilə birləşdirən avtomobil və piyada tunellərinin tikintisi nəzərdə tutulur. Tunellər “Bakı Metropoliteni” QSC-nin xidməti ərazisinin altından keçməklə layihələndirilib.
Məlumata görə, yeni avtomobil tunelinin uzunluğu 175,3 metr olacaq. Tunelin hərəkət hissəsinin eni 8,5 metr, daxili hündürlüyü isə 7 metr təşkil edəcək. Avtomobil tuneli 2 hərəkət zolaqlı olmaqla inşa ediləcək, hər iki istiqamət üzrə xidməti baxış sahələri və piyadalar üçün səkilər nəzərdə tutulub.
Piyadalar üçün nəzərdə tutulan tunelin uzunluğu 201,9 metr olacaq. Tunelin hərəkət hissəsinin eni 6 metr, daxili hündürlüyü isə 2,7 metr təşkil edəcək.
Yeni tunellərin inşası ərazidə nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına, yol hərəkətinin təhlükəsizliyinin artırılmasına və mövcud tıxacların aradan qaldırılmasına xidmət edəcək. Avtomobil tuneli nəqliyyat vasitələrinin fasiləsiz və rahat hərəkətini təmin edəcək, piyada tuneli isə sakinlərin qarşı tərəfə təhlükəsiz keçidini mümkün edəcək.
Tunellər istifadəyə verildikdən sonra Abay Kunanbayev küçəsi və ona bitişik ərazilərdə nəqliyyat axınının optimallaşdırılması, şəhər infrastrukturunun funksionallığının artırılması və paytaxtın ümumi nəqliyyat şəbəkəsinin daha səmərəli təşkili təmin olunacaq.
Qeyd edilib ki, qeyd olunan küçələr arasında mövcud piyadalar üçün yeraltı keçid yeni avtomobil və piyada tunellərinin layihələndirilməsi ilə əlaqədar bağlanıb.
DOĞRU.AZ




























