(Cəlal Qurban yazır)
O, sadəcə bizim atamız deyildi…
O, mərdliyin, vicdanın, sədaqətin məktəbi idi… Atam Cavanşir Qurbanovun ömrü – bir ağsaqqalın hekayəsi idi. İllərlə ailəsinə, nəsil-nəcabətinə və onu tanıyan hər kəsə dayaq olmuş bir həyat nümunəsi.
Atamın son günləri bir nağıl kimi keçdi – sevinc, kədər və müqəddəsliyin iç-içə yaşandığı… Son dəfə başımı sığalladın, saçlarımı oxşadın. Əllərini doya-doya öpdüm…
Və 21 may tarixində, 77 yaşında haqq dərgahına qovuşdun.
Amma əsl ayrılıq bir neçə gün əvvəl başladı… Mayın 14-də, can verən anlarında atam mələklərin gətirdiyi cənnət meyvələrindən, almandan yedi.
O almanı mənə uzadaraq dedi: “Cəlal, bu da sənindir…”
Mən o əmanəti onun əlindən aldım, əllərini sıxdım, sarıldım…
“Atam, mənim sənə ehtiyacım var. Məni tək qoyma…” – dedim.
O da əlimi sıxdı, özünə çəkdi, öpdü və söz verdi ki, yanında olacaq.
O andan sonra sanki möcüzə baş verdi – atam geri döndü.
Həyata qayıtdı, daha 6 gün bizimlə oldu – sevgi ilə, təbəssümlə, rahatlıqla…
O son 6 gün bizim üçün əbədiyyətin bir parçası oldu.
İstədiyi hər neməti öz əllərimizlə ona yedizdirdik – anam, bacım, nəvələri…
Atamın dadına baxdığı hər tikə onun üçün son sevinc, son şükür idi. Mənim atam dünyanın ən xoşbəxt atası idi – çünki sevgi ilə yaşadı, sevgi ilə yola salındı.
Atamın sağlamlığına üç ilə yaxın böyük diqqət və qayğı göstərən – Bakı Sağlamlıq Mərkəzinin həkimi, ailəmizin doğması Zakir Quliyevə, son günlərində yanında olan doğma bacı, övlad qədər nəvazişlə yanaşan Rəna xanıma və Füruzə doktora,
qızı kimi qayğısına qalan tibb bacısı Lalə xanıma ailəmiz adından dərin təşəkkürümü bildirirəm.
Onların göstərdiyi şəfqət və peşəkarlıq bizim üçün unudulmaz bir insani örnək oldu. Onlara, atamın yanında keçirdikləri hər an üçün halallıq istəyir, dualar arzulayıram.
Atamın ruhunu qidalandıran təkcə sevgi deyildi – musiqi onun nəfəsinə güc, qəlbinə nur verirdi.
Dəyərli sənətkarımız Aybəniz Haşımova, onun “Bülbüllər” qrupu və atamın sevimli ifaçısı, övladı qədər çox sevdiyi Mirələm Mirələmov…
Onların səsi atamın son nəfəsinə qədər ona can verirdi.
O müqəddəs günlərdə atamın ətrafında nəfəsi olan nəvələri vardı… Onlar babalarının əllərini tutub, başlarını onun sinəsinə qoyub öpdülər, sarıldılar…
Babaları isə göz yaşlarını gizlədə-gizlədə onlara ən saf, ən təmiz nəsihətlərini verdi:
“Xoşbəxt olun… Ədalətli olun… Mərhəmətli və vicdanlı olun… Başı dik yaşayın!”
O, hətta son günündə belə bütün dostlarının adını çəkdi, onlarla halallaşdı…
Uzaqda olanlarla görüntülü danışdı…
Sevgi dolu, barışıq içində bir vida yaşadı…
Atam – bizim uca çinarımız…
Sənin varlığın bizə nəfəs, nəsihətin – bizə yol, baxışların – bizə güc idi… İndi əllərini tutmasam da, nəfəsini içimdə daşıyıram… Səsini eşitməsəm də, sözlərin daim qulağımda səslənir… Səni itirsəm də, sevgin səndən sonra yaşayır!
Əmanət etdiyin sevgini, qayğını, vəsiyyətini – bacımı qorumağı, vicdanla yaşamağı, sevgi ilə baxmağı son nəfəsimə qədər yaşadacam, atam…
Məkanın cənnət olsun, müdrik ağsaqqalımız – Cavanşir atam…
Sən yalnız bizim deyil, bütün nəsilin atası idin. Adın, diqqətin, şəfqətin və varlığınla Qurbanovlar nəslinin ruhunu bəslədin.
Yaşıdlarından böyüyə ağsaqqallıq etdin…
Bu gün o isti, titrək əllərindən möhkəm tutdum… Amma səni bu dünyada saxlaya bilmədim… Bağışla məni, atam…
Sənin kişiliyindən gələn o sarsılmaz güc, nəsihətlərin və sevgili baxışların içimdə yaşayır. Əllərini itirdim, amma nəfəsini içimdə daşıyıram… Səsini eşitməyəcəm, amma sözlərin qulağımda əbədi səslənəcək…
Səni itirdim, atam… Amma sevgini – heç vaxt itirməyəcəyəm…
Atamın dəfn mərasimində və ardınca keçirilən mərasimlərdə bizimlə birgə olan, bu ağır günlərdə ailəmizə dayaq duran hər kəsə – Atamın dostlarına, onu sevən bütün yaxınlara, qonşulara, dostlarıma və ümumilikdə ailəmizin bu sınaqlı günlərində yanımızda olan hər kəsə dərin təşəkkürümü bildirirəm.
Ən başda isə şəhid analarına, atalarına, xanımlarına və ruhən bizimlə olan bütün şəhid ailələrinə sonsuz minnətdarlığımı çatdırmaq istəyirəm. Xüsusilə də uzaq rayonlardan gələn şəhid analarına – bizim kədərimizi paylaşan, ruhumuza sarılan o fədakar, məğrur analara və ruhən bizimlə olan bütün şəhid ailələrinə təşəkkür edirəm.
Sizlərin varlığı bizim üçün sadəcə iştirak deyildi – bu bir təsəlli, güc və dayaq oldu… Allah hər birinizdən razı olsun.