13 noyabr 2025-ci il tarixində Çinin paytaxtı Pekində “Daşkəsən Dəmir Filiz” MMC-nin törəmə şirkəti “Azerbaijan Metal Company” MMC ilə Çinin “Sinosteel Equipment & Engineering Co., Ltd” şirkəti arasında illik 2 milyon ton istehsal gücünə malik isti briketlənmiş dəmir (İBD) zavodunun inşası üçün bank təyinatlı texniki-iqtisadi əsaslandırma (TİƏ) sənədinin hazırlanmasına dair mühüm müqavilə imzalanıb.
Doğru.az xəbər verir ki, müqavilə “AzMC” MMC-nin baş direktoru Ceyhun Əliyev və “Sinosteel” şirkətinin baş direktoru Hua Guanglin tərəfindən imzalanıb. Sazişin ümumi dəyəri 1 510 000 ABŞ dollarıdır.
Layihəyə əsasən hazırlanacaq TİƏ sənədi Şəmkir rayonu ərazisində tikilməsi planlaşdırılan İBD zavodunun inşası və istismarı üzrə əsas mərhələ kimi dəyərləndirilir. Sənədin 4 ay ərzində tamamlanması nəzərdə tutulur və zavodun tikintisi layihəsinin beynəlxalq maliyyə institutları tərəfindən dəstəklənməsi üçün əsas istinad sənədi olacaq. TİƏ optimal texnoloji həllərin seçilməsini, tikinti və mühəndislik işlərinin planlaşdırılmasını və növbəti mərhələlərin həyata keçirilməsini təmin edəcək.
“Sinosteel Equipment & Engineering Co., Ltd” metallurji sahəsində ixtisaslaşmış, Çin dövlətinə məxsus “Sinosteel Group Corporation Limited” korporasiyasının aparıcı törəmə şirkətlərindən biridir. Dəmir filizinin emalı və sənaye layihələrinin icrası üzrə beynəlxalq təcrübəyə malik olan şirkət bu sahədə Türkiyə, Avstraliya, Cənubi Afrika Respublikası, Əlcəzair və Hindistanda uğurlu layihələr həyata keçirib.
Xatırladaq ki, “Azerbaijan Metal Company” MMC bu il 23 sentyabr tarixində “Daşkəsən Dəmir Filiz” MMC və Qazaxıstanın “Fonte GreenMet Investments Fund OEIC Limited” şirkəti tərəfindən birgə müəssisə kimi yaradılıb. Müəssisə illik 2 milyon ton istehsal gücünə malik İBD zavodunun maliyyələşdirilməsi, layihələndirilməsi, tikintisi və istismarı üzrə fəaliyyət göstərəcək.
Şəmkir rayonunda inşası nəzərdə tutulan zavodun 2029-cu ilin ortalarında istifadəyə verilməsi planlaşdırılır. Ümumi dəyəri təxminən 700 milyon ABŞ dolları olan layihənin Azərbaycanın ÜDM-nə illik 694 milyon ABŞ dolları töhfə verəcəyi, həmçinin təqribən 1600 nəfərin birbaşa və dolayı yolla işlə təmin olunacağı gözlənilir.
DOĞRU.AZ































