Norveçin paytaxtı Osloda Azərbaycan Evi və Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin təşkilatçılığı ilə “Deichman Bjorvika” Mədəniyyət Mərkəzində “Bir gülüş günü” adlı görüş keçirilib.
Doğru.az xəbər verir ki, tədbirin qonağı – teleaparıcı və əməkdar artist Dilarə Əliyeva soyuq şimalda belə bir isti görüşün keçirilməsindən məmnunluğunu bildirib. O, bu cür görüşlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını vurğulayıb.
Görüşdə Dilarə Əliyevanın səsləndirdiyi şairə Sevinc Çılğının “Mən bu qadını tanıyıram” şeiri və “Nənəyə məktub” adlı qısametrajlı filmi nümayiş etdirilib.
Səmimi və yumor dolu söhbəti ilə gənclərin suallarını cavablandıran əməkdar artist tədbirə xüsusi rəng qatıb. Azərbaycanın istedadlı ifaçısı Orxan Cəlilovun “Azərbaycan” mahnısı ilə çıxışı da böyük maraq doğurub.
Sonda ssenarist və prodüser Fariz Əliyevin müəllifi olduğu “Dilarənin monoloqları” kitabı əməkdar artistin imzası ilə iştirakçılara təqdim edilib və xatirə fotosu çəkilib.
Qeyd edək ki, bu görüş Oslo gənclərinin yaddaşında xoş bir xatirə kimi qalacaq.
DOĞRU.AZ





























