image-2000x150px
image-123
image-ads_atlas
image-img-20220618-wa0046backend

Ermənistan kommunikasiyaların açılışına əngəl ola bilməz

image-728x90px

İyunun 16-da öz işinə başlamış “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev bir daha diqqətə çatdırdı ki, Qarabağ münaqişəsinin həlli, ölkəmizin əz ərazi bütövlüyünü bərpa etməsilə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olması və regional təhlükəsizliyin təmin edilməsi üçün unikal bir fürsət yaranıb. Bu gün Azərbaycan apardığı ədalətli müharibədə işğalçı dövlətə qalib gəlmiş ölkə olmasına rəğmən, yenə də sülh təklifi ilə çıxış edib. Belə hallara hərb tarixində çox az rast gəlinə bilər. Lakin Azərbaycan təkcə öz ərazisində deyil, bütün Cənubi Qafqazda sülh və inkişaf görmək istədiyindən bu addımı atır. Dövlət başçısının dediyi kimi, bu gün artıq sülh və əməkdaşlıq yaratmaq vaxtıdır. Öz növbəsində Ermənistan hökuməti də anlamalıdır ki, atılan addımlar qarşılıqlı olmalıdır və əgər bu fürsət əldə qaçırılarsa, o, bir də ələ düşməyə bilər.

Təəssüf doğuran məqamlardan biri də bu gün Ermənistanda hələ də ATƏT-in Minsk qrupunun fəaliyyətinə dair absurd təkliflərin səsləndirilməsi ilə bağlıdır. Halbuki, bu qurum 28 il ərzində heç bir nəticə əldə etməyib. İkinci bir tərəfdən də, Azərbaycan 44 günlük Vətən müharibəsini tarixi Qələbə ilə başa vurmaqla Qarabağ münaqişəsini özü birdəfəlik həll etdi. Bununla da ATƏT-in Minsk qrupu avtomatik olaraq lazımsız bir təsisata çevrildi. Həmçinin qrupun həmsədr ölkələri arasında münasibətlərin getdikcə gərginləşməsi də bunu deməyə əsas verir ki, bu qurum bundan sonra artıq heç bir prosesə real təsir etmək imkanlarına malik ola bilməyəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Rusiya-Ukrayna müharibəsindən sonra Minsk qrupunun üç həmsədrinin bir araya gəlməsinin mümkün olmadığını artıq hamı anlayır. Buna görə də Ermənistanda və ya hər hansı digər bir ölkədə Minsk qrupunun olmayan səlahiyyətləri barədə səsləndirilən istənilən fikir Azərbaycanda yalnız qıcıq doğurur. Bu isə sülh prosesinə yalnız əngəl törədə bilər.

Bunun əksinə olaraq, Azərbaycan real əsaslar üzərində sülh razılaşması üzərində çalışmağa başlamağı təklif edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir ərazı iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, beynəlxalq hüququn beş əsas prinsipini özündə ehtiva edən təklif irəli sürdü. Ermənistan hökuməti bu beş prinsipi qəbul etdi. Əlbəttə ki, bu mütərəqqi bir haldır və artıq müsbət dinamikanın başlanmasından xəbər verir. Lakin müəyyən edilmiş hədəflərə nail olmaq üçün bu azdır. Bu gün artıq praktiki addımlar atılmalıdır. Azərbaycan bu istiqamətdə növbəti addımı ataraq öz tərəfindən sülh razılaşması üzrə komissiyasını yaradıb. İndi müvafiq komissiya Ermənistan tərəfindən də yaradılmalıdır ki, artıq bilavasitə sülh danışıqlarına başlamaq mümkün olsun. Lakin Ermənistan hələ də gözləmə mövqeyində durmaqla bu prosesi ləngidir.

Həmçinin Ermənistan kommunikasiyaların açılması ilə bağlı 2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanatın müddəalarına əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Bu baxımdan IX Qlobal Bakı Forumunun açılış mərasimində Zəngəzur dəhlizinin açılması ilə bağlı söylənən fikirlər də xüsusi önəm kəsb edir. Təbii ki, Üçtərəfli Bəyanatda ölkəmiz üçün ən vacib olan məqamlardan biri də bu sənəddə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin yaradılmasının təsdiq olunmasıdır. Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizi açılması böyük strateji əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirməsi tarixi hadisə olacaq. Əlbəttə ki, bu layihə bütün regionun inkişafına təkan verəcək. Lakin Ermənistan kommunikasiyaların açılması məsələsində də hələ ki, öhdəliklərinə əməl etməyə tələsmir. Bu isə, Prezident İlham Əliyevin dediyi kimi, qətiyyən yolverilməzdir. Məsələ bundadır ki, Azərbaycan Qarabağın ermənilər yaşayan hissəsindən Ermənistana keçidi təmin edib. Bir il yarımdır ki, ermənilər bu yollardan istifadə edirlər. Lakin azərbaycanlılar bizi Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizindən istifadə edə bilmirlər. Əlbəttə ki bu, böyük ədalətsizlikdir. Azərbaycan bununla qətiyyən razılaşmayacaq və Ermənistanın kommunikasiyaların açılışını əngəlləməsinə yol verməyəcək.

Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri

image-img-20220618-wa0046

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki