30 yanvar Azərbaycanda Gömrük xidməti işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Hurriyyet.org xəbər verir ki, tanınmış ictimai xadim, “Mənim atam və mənim oğlum qəhrəmandır!” layihələrinin rəhbəri, Prezident təqaüdçüsü və Gömrük xidməti polkovniki Mircəlal Qurbanov sosial şəbəkələrdə bütün gömrük əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib.
O, paylaşımında bildirib:
“Bu gün Gömrükçülərin Peşə Bayramıdır. Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas dayaqlarından biridir. Bu peşə yalnız sərhədlərin qorunması ilə məhdudlaşmır, eyni zamanda dövlətin iqtisadi təhlükəsizliyinin təmin edilməsi, qanunun aliliyinin qorunması və Vətənə sədaqətlə xidmət kimi ali missiyanı özündə birləşdirir.
2001–2023-cü illər ərzində qürur və məsuliyyət hissi ilə gömrük orqanlarında xidmət etmişəm. Bu illər ərzində qüsursuz xidmətimə görə 3-cü, 2-ci və 1-ci dərəcəli döş nişanları ilə təltif olunmuşam. Bu mükafatları bir ömrün zəhmətinə verilən qiymət, dövlətə və xalqa sədaqətli xidmətin təzahürü kimi qəbul edirəm. Şükürlər olsun ki, hər zaman üzərimdə daşıdığım gömrük formasının şərəfini, məsuliyyətini qorumağa çalışmışam və bunu bacarmışam.
Gömrük işçisi olmaq ilk növbədə dürüstlük, prinsipiallıq və fədakarlıq tələb edir. Odur ki, hər zaman bu şərəfli peşəni vicdanla və ləyaqətlə icra etməyə səy göstərmişəm.
Mircəlal Qurbanov bütün keçmiş həmkarlarını və hazırda xidmət aparan əməkdaşları ürəkdən təbrik edib, hər birinə möhkəm cansağlığı, ailə səadəti və şərəfli xidmət yolunda uğurlar arzulayıb. O, həmçinin qeyd edib ki, gömrükçü olmaq yalnız peşə deyil, böyük məsuliyyət və ali şərəfdir.
Eyni zamanda, Vətən üçün canını fəda edən qəhrəman şəhidlər, o cümlədən Gömrük xidməti leytenantı Ülvi Hacıyevin xatirəsini ehtiramla anıb.
“Bayramımız mübarək olsun!”
DOĞRU.AZ





























