İsti havalarda insan səhhəti ilə bağlı ciddi risklərdən biri də istilik vuruşudur.
Doğru.az xəbər verir ki, bu barədə ümumi praktikant həkim Lyudmila Lapa RT-yə verdiyi müsahibəsində danışıb. O bildirib ki, istilik vuruşunu müəyyən etmək kifayət qədər asandır: “İlk əlamətlər halsızlıq və başgicəllənmədir. İnsan huşunu itirə, hətta yıxılaraq üz və ya diş nahiyəsindən zədə ala bilər.”
Həkimin sözlərinə görə, başgicəllənmə başladığı anda dərhal oturmaq və bədəni istidən qorumaq vacibdir: “İndi hava çox istidir və istənilən yerdə – skamyada və ya torpaqda belə – oturmaq mümkündür. Bir qədər su için, üzünüzə su çiləyin, bədənin açıq hissələrini nəm salfetlə silin. Bu üsullar bədənin hərarətini azaltmağa kömək edir.”
Lapa əlavə edib ki, ilkin yardım göstərildikdən sonra insan mütləq kölgəli və günəşdən qorunan bir yerə aparılmalıdır. Beləliklə, vəziyyətin ağırlaşmasının qarşısını almaq mümkündür.
Həkim xüsusilə isti günlərdə açıq havada olan insanları ehtiyatlı olmağa və bədənlərini günəş şüalarından qorumağa çağırıb.
DOĞRU.AZ