image-2000x150px
image-123
image-ads_atlas
Humanizm, mərhəmət, nəciblik nümunəsi – Mehriban Əliyevabackend

Humanizm, mərhəmət, nəciblik nümunəsi – Mehriban Əliyeva

image-728x90px

Dövlətimizin başçısı ilə birlikdə işğaldan azad olunan torpaqlara çoxsaylı səfərlər, rayon və şəhərlərin yenidən qurulması, mədəniyyət paytaxtı Şuşamızın dirçəldilməsi Birinci-vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətləri sırasında xüsusi yer tutur. Onun humanizm, mərhəmət, nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində millətə layiqli xidmət məramı dayanır.

Azərbaycan qadını zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə daim xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın böyük rolu olub. Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Birinci-vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva da Azərbaycanın ən böyük təəssübkeşlərindən biri, xalqımızın xoşbəxt gələcəyinə hesablanan çoxsaylı layihələrin müəllifi, birinci xanım adını şərəflə daşıyan, cəmiyyətimizdəki problemlərin həllinə öz qətiyyəti və cəsarəti ilə nail olan qadın kimi adını tariximizə həkk edib.

Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində 40-a yaxın uşaq müəssisəsi əsaslı şəkildə təmir edilib. “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ölkənin müxtəlif bölgələrində 100 mindən çox şagirdin təhsil aldığı 400-dən çox məktəb binası inşa olunub və ya yenidən qurulub. “Təhsilə dəstək” layihəsi çərçivəsində isə respublika üzrə onlarla uşaq bağçası əsaslı təmir olunaraq müasir avadanlıqla təchiz edilib. Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə artan tələbatı nəzərə alaraq, Fond “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramını həyata keçirməyə başlayıb.

“Kaspi” qəzetinin Mehriban Əliyva haqqında hazırladığı yazısını təqdim edirik:

Qarabağın dirçəldilməsinə dəstək

Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki quruculuq proseslərində, Qarabağın dirçəldilməsində, baş tacımız Şuşaya yenidən həyatın qaytarılmasında da fəal iştirak edir. Mehriban xanım Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə əksər səfərlərində onunla birlikdə olur, görülən işlərlə yerində tanış olur və aparılan təmir-bərpa işlərini birbaşa diqqət mərkəzində saxlayır. Buna əyani misal olaraq, onun 2020-ci il dekabrın 8-də Fondun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan etməsini göstərmək olar. Bununla Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərib. Hazırda bərpa prosesinə Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən mütəxəssislər cəlb edilib. Ötən ilin avqust ayında Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işləri yekunlaşıb və kompleks istifadəyə verilib. Həmçinin dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstü, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəli Fondun dəstəyi ilə yenidən qurularaq Şuşa şəhərində ucaldılıb.

Milli musiqi irsimizin qorunub saxlanılması

Onu da xatırlatmaq yerinə düşər ki, Heydər Əliyev Fondu Qarabağda yalnız bərpa layihələri həyata keçirmir. Bölgədə sürətlə aparılan quruculuq işlərinə töhfə vermək məqsədilə yeni dini və mədəniyyət obyektlərinin inşasını da həyata keçirir. Fakt kimi Zəngilan şəhərində məscidin tikintisini, həmçinin digər rayonlarda yeni obyektlərin inşasını göstərmək olar. Azərbaycan xalqının mədəni ənənələri və tarixində dərin köklərə malik olan muğam sənətinin inkişafı və təbliği, milli musiqi irsimizin qorunub saxlanılması, dəyərlərə hörmət, dünya musiqi incilərinin ölkəmizdə tanıdılması da Mehriban xanımın rəhbərliyi altında Heydər Əliyev Fondunun mədəniyyət sahəsindəki fəaliyyətində mühüm yer tutur. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində – Cıdır düzündə cari ilin may ayında keçirilən, dünyaya səs salan V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin, dünyaşöhrətli müğənni Müslüm Maqomayevin Bakıda ucaldılan abidələri, həmçinin M.Maqomayevin xatirə gecəsinin yüksək səviyyədə keçirilməsi deyilənlərə daha bir misaldır. Bu il VIII “Muğam” Televiziya Müsabiqəsinin finalı və qala-konsertinin Şuşada keçirilməsi də xüsusi vurğulanmalıdır.

Məcburi köçkünlərə, şəhid və qazi ailələrinə qayğı

Mehriban xanımın rəhbərliyi altında Heydər Əliyev Fondu yerli əhəmiyyətli problemlərin həllində, infrastruktur layihələrin həyata keçirilməsində, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək edilməsində yaxından iştirak edir. Birinci vitse-prezidentin fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən məcburi köçkünlərin, şəhid ailələrinin, qazilərin problemlərinin həlli xüsusi yer tutur. Xatırladaq ki, o, Birinci vitse-prezident kimi ilk müşavirəsini məhz qaçqın və məcburi köçkün ailələrin həyat şəraitinin yaxşılaşdırılmasına həsr etmişdi. Həmin müşavirədən dərhal sonra müvafiq tədbirlər planı hazırlandı və real işlər başlandı. Qısa müddətdə yüz minlərlə qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırıldı. Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrini və qazilərimizi də daim diqqətdə saxlayır, onların qayğısına qalır. Bu kateqoriyadan olan insanların qayğıları ilə Fond yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən Aprel döyüşləri zamanı, eyni zamanda, 44 günlük Vətən müharibəsində ağır yaralanan qazilərimiz müalicə və reabilitasiya üçün xaricə göndərilib, həmçinin müharibədə sağlamlıqlarını itirmiş bir qrup əsgər və zabit yüksək texnologiyalı protezlərlə təmin edilib.

Təhsil müəssisələrinin təmir-bərpası

Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından uzaqlarda da geniş əks-səda doğurur. Misal üçün, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Gürcüstan, Niderland, Misir, Pakistan, Rumıniya və Rusiyada bir sıra məktəblər yenidən qurulub, əsaslı təmir olunub. Belə xeyirxah yanaşma ABŞ-ın Merilend ştatında yerləşən məktəbdən, Bosniya və Herseqovinanın paytaxtı Sarayevodakı uşaq və gənclər üçün mərkəzdən də yan keçməyib.

Humanizm, mərhəmət, nəciblik nümunəsi

Ümumiyyətlə, torpaqlarımızın azad olunması uğrunda mübarizəyə siyasi-mənəvi dəstək, xalqımızı milli həmrəyliyə səsləyən, şanlı ordumuzu Qələbəyə ruhlandıran müraciət və çağırışlar, müharibədən sonra isə dövlətimizin başçısı ilə birlikdə Qarabağa çoxsaylı səfərlər, rayon və şəhərlərin yenidən qurulması, mədəniyyət paytaxtı Şuşamızın dirçəldilməsi Birinci xanımın xidmətləri sırasında xüsusi yer tutur. Onun humanizm, mərhəmət, nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində məhz millətə layiqli xidmət məramı dayanır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki