“Sara Xatun” Mədəni Maarifçilik İctimai Birliyinin sədri Pərvanə Mustafayeva
İnklüzivlik mənim üçün yalnız sosial anlayış deyil, hər bir insanın cəmiyyətdə öz yerini tapması, hüquq və imkanlarının qorunması deməkdir. Cəmiyyət o zaman güclü olur ki, heç bir insan özünü kənarda qalmış, unudulmuş və ya lazımsız hiss etmir.
Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, onların təhsil, əmək, mədəniyyət və ictimai həyatda fəal iştirakının təmin edilməsi müasir dövrün mühüm məsələlərindəndir. Biz insanlara onların məhdudiyyətləri ilə deyil, bacarıqları, istedadları və potensialı ilə yanaşmalıyıq.
İnklüzivlik ilk növbədə düşüncə tərzinin dəyişməsindən başlayır. İnsanların fərqliliklərinə hörmətlə yanaşmaq, ayrı-seçkiliyə yol verməmək və hər kəs üçün bərabər şərait yaratmaq cəmiyyət olaraq əsas vəzifələrimizdəndir.
Xüsusilə uşaqlar və gənclər arasında inklüziv dəyərlərin təbliği böyük əhəmiyyət daşıyır. Onlara fərqliliklərin həyatın təbii hissəsi olduğunu anlatmaq, həmrəylik, mərhəmət və qarşılıqlı hörmət hisslərini aşılamaq gələcəyin daha sağlam cəmiyyətinin formalaşmasına xidmət edir.
“Sara Xatun” Mədəni Maarifçilik İctimai Birliyi olaraq biz mədəni maarifçilik fəaliyyətimizi sosial həmrəylik və bərabər imkanlar prinsipləri ilə əlaqələndirməyə çalışırıq. İnanırıq ki, mədəniyyət və maarifçilik cəmiyyətin bütün üzvlərini birləşdirən mühüm vasitələrdəndir.
İnklüziv cəmiyyət yalnız pandusların, liftlərin və fiziki əlçatanlığın yaradılması ilə formalaşmır. Əsl inklüzivlik insanların bir-birini qəbul etməsi, dinləməsi və cəmiyyət həyatında bərabər iştirak etməsi ilə mümkündür.
Hər bir insanın cəmiyyətə verə biləcəyi töhfə var. Bizim borcumuz həmin töhfənin üzə çıxması üçün imkan yaratmaqdır.
İnklüzivlik mərhəmət deyil, bərabərlikdir. İnklüzivlik güzəşt deyil, hüquqdur. Və inklüziv cəmiyyət qurmaq yalnız bir qurumun deyil, hamımızın məsuliyyətidir.
DOĞRU.AZ

























