Sosial şəbəkələrdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adından hazırlanmış saxta video yayılıb.
Doğru.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin verdiyi məlumata görə, sözügedən video “deepfake” texnologiyası ilə süni intellekt vasitəsilə hazırlanıb və reallığı əks etdirmir. Qurum bildirir ki, məqsəd Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq və strateji müttəfiqlik münasibətlərinə xələl gətirmək, ictimai rəyi çaşdırmaqdır.
Məlumatda qeyd olunur ki, bu cür dezinformasiya cəhdləri qarşılıqlı etimadı sarsıtmağa yönəlib və ciddi təhlükə yaradır. Bu baxımdan vətəndaşlara yalnız rəsmi mənbələrə istinad etmələri tövsiyə olunur.
Agentlik jurnalistləri və ictimai fəalları saxta məlumatlara qarşı prinsipial mövqe sərgiləməyə çağırır, eyni zamanda sosial şəbəkə platformalarının sahiblərini və aidiyyəti qurumları bu tip zərərli məzmunların vaxtında silinməsi və qarşısının alınması üçün effektiv addımlar atmağa dəvət edir.
DOĞRU.AZ




























