Azərbaycanda sosial siyasət daha dəqiq və şəffaf mexanizmlər üzərindən həyata keçirilir. Bu yanaşma rifah halının yaxşılaşdırılmasına və əvvəlki illərdə mövcud olan ədalətsizliklərin aradan qaldırılmasına imkan verib.
Doğru.az xəbər verir ki, Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib ki, son yeddi il ərzində ölkədə 5 sosial islahat paketi icra olunub. Bu islahatlar təxminən 4 milyon vətəndaşı əhatə edir və ümumi dəyəri 8 milyard manata yaxındır.
Dövlət başçısının sözlərinə görə, təkcə ötən il sosial sahəyə 1,4 milyard manat büdcə vəsaiti yönəldilib. Maaşlar, pensiyalar və müavinətlər mütəmadi artırılır, pensiyalar indeksləşdirilir.
Prezident vurğulayıb ki, Azərbaycan heç vaxt populist vədlər verməyib və gələcək nəsilləri borca salacaq addımlar atmayıb. İqtisadi inkişaf və valyuta ehtiyatlarının artması ilə sosial sahəyə ayrılan vəsaitlərin də mərhələli şəkildə artırılması nəzərdə tutulur.
DOĞRU.AZ




























