image-ads_n1karobka_mobile
image-putin-ankara-scaledbackend

Putin Türkiyəyə qarşı hərəkətə keçdi – Masaya erməni kartı gətirilir

Türkiyə Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin qondarma “erməni soyqırımı”nın 111-ci ildönümünə həsr olunmuş anım tədbirlərinin iştirakçılarına ünvanladığı müraciətə reaksiya verib.

Nazirliyin açıqlamasında bildirilib ki, Cənubi Qafqazda yaranan sülh və barışıq mühiti, bölgənin əməkdaşlıq və sabitlik hövzəsinə çevrilməsini istəyənlərin, tarix əsasında düşmənçilik yaratmağa çalışanlara güclü bir cavabdır:

“1915-ci il hadisələri ilə bağlı müzakirələrdə tərəflərin məsələnin siyasiləşdirilməməsi ilə bağlı mövqeyi aydındır. Bunun əksinə olaraq, üçüncü ölkələrin bəzi siyasətçilərinin bu məsələdən öz dar siyasi hesablamaları üçün istifadə etməyə və ya öz məsuliyyətlərini ört-basdır etməyə çalışdıqları da müşahidə olunur. Əsrlər boyu birgəyaşayış mədəniyyətinin ən güclü nümunələrini ehtiva edən ölkəmiz 1915-ci il hadisələrini ədalətli və elmi əsaslarla araşdırmaq üçün arxivlərini açmış və Birgə Tarix Komissiyasının yaradılmasını təklif etmişdir. Bu təklif qüvvədə qalır. Biz konstruktiv niyyətli üçüncü tərəfləri ortaq və ədalətli bir yaddaşa nail olmaq səylərini və son zamanlar formalaşmış konstruktiv dialoq atmosferini dəstəkləməyə dəvət edirik”.

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə türkiyəli ekspert İsmail Cingöz deyib ki, Vladimir Putinin 1915-ci il hadisələrini soyqırım və insanlığa qarşı cinayət kimi qiymətləndirməsi barədə açıqlaması siyasi xarakter daşıyır və erməni əhalisi və qlobal miqyasda erməni diasporu ilə yaxşı münasibətləri qorumağa hesablanıb.

Ekspert bildirib ki, bu, ilk növbədə, Rusiya arxivləri, Amerika-Britaniya arxivləri və hətta Ermənistanın öz arxivləri ilə ziddiyyət təşkil edən bir bəyanatdır:

“Bu, Rusiyanın Türkiyəyə qarşı siyasi bəyanatı hesab edilməlidir. Əslində, buna çox önəm verilməməlidir. Türkiyə Xarici İşlər Nazirliyi rəsmi olaraq lazımi cavabı verib. 1915-ci il hadisələri ilə bağlı Ermənistanın ilk Baş naziri O. Kaçaznuni 1925-26-cı illərdəki açıqlamalarında “Osmanlı imperiyasına, yəni öz dövlətimizə xəyanət etdik, cinayəti ilk biz törətdik” etirafı ilə əslində tarixdə ən böyük cavabı özü veribdir”.

Ismaiul cingoz 242

İsmail Cingöz

İ.Cingöz qeyd edib ki, 1915-ci il hadisələrinə səbəb olan prosesi çox yaxşı başa düşmək lazımdır:

“Əgər Osmanlı dövləti soyqırımı törətsəydi, onları deportasiya etməzdi. Bu, dövlət daxilində köçürülmə, o dövrün şərtlərinə uyğun edilə biləcək ən humanist hərəkət kimi qəbul olunmalıdır. Hətta Osmanlı imperiyası məhdud resurslarına baxmayaraq, cəbhə xəttində əsgərləri üçün dərman və qida tapa bilmədiyi dövrdə belə, deportasiya etdiyi ermənilərin dolanışığını, peyvəndlərini və qorunmasını təmin etmək üçün hər cür tədbir görməyə çalışırdı. Əlbəttə ki, o dövrdə müharibə şəraitində yollarda ölüm və xəstəlik kimi arzuolunmaz hadisələr də olurdu. Bu, dövlətin deyil, vətənə xəyanət edən ermənilərin günahıdır. Xəyanət edən erməni terror təşkilatlarında, türklərə qarşı qətliam törədən ermənilərdə heç bir günah görmədən türkləri birbaşa günahlandırmaq əxlaqa, tarixə və insanlığa qarşı əsl cinayətdir. Buna görə də Putinin açıqlamaları adi haldır. Dünyada bir çox ölkələr, xüsusən də siyasi səbəblərdən belə açıqlamalar verməklə özlərinə yer qazanmağa çalışırlar”.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki