Milli Hidrometeorologiya Xidməti mayın 22-nə gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.
Dogru.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, lakin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər saatlarında şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 15–17, gündüz isə 22–27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət isə 50–60 faiz təşkil edəcək.
Rayonlarda da hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış, şimşək və dolu müşahidə oluna bilər. Bəzi yerlərdə duman olacaq, küləklər əsasən şərq istiqamətindən əsəcək.
Havanın temperaturu bölgələrdə gecə 14–18, gündüz 24–29, dağlıq ərazilərdə isə gecə 5–10, gündüz 13–18 dərəcə isti təşkil edəcək.
DOĞRU.AZ