Türkiyə ilə Azərbaycan arasında iqtisadi və ticarət əməkdaşlığının müzakirə olunacağı Türkiyə–Azərbaycan Karma İqtisadi Komissiyasının (KEK) 12-ci iclası 22–23 dekabr 2025-ci il tarixlərində Bakıda baş tutacaq.
Doğru.az xəbər verir ki, iclasa Türkiyə tərəfindən Prezidentin vitse-prezidenti Cevdet Yılmaz, Azərbaycan tərəfindən isə Baş nazir Əli Əsədov rəhbərlik edəcək. Baş-başa və nümayəndə heyətləri səviyyəsində keçiriləcək görüşlərdə iki ölkə prezidentləri tərəfindən müəyyənləşdirilmiş 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatmaq üçün atılacaq addımlar, həmçinin ticarətin asanlaşdırılması ilə bağlı məsələlər müzakirə olunacaq.
Tədbir çərçivəsində iqtisadi əlaqələrin dərinləşdirilməsi, işgüzar dairələrin bir araya gətirilməsi və birgə investisiya imkanlarının genişləndirilməsi məqsədilə II Türkiyə–Azərbaycan İnvestisiya Forumu da təşkil ediləcək. Forumda Türkiyədən Prezidentin vitse-prezidenti Cevdet Yılmaz və ticarət naziri Ömər Bolat, Azərbaycandan isə Baş nazir Əli Əsədov və iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı planlaşdırılır. Eyni zamanda MÜSİAD Azərbaycan Baş Assambleyasında türk və azərbaycanlı iş adamları ilə görüşlərin keçirilməsi gözlənilir.
Bakı proqramı çərçivəsində Cevdet Yılmazın Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə də görüş keçirməsi nəzərdə tutulur.
Qeyd edək ki, Türkiyə uzun illərdir Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. 2024-cü ildə Türkiyənin Azərbaycana ixracı 3,1 milyard dollar, Azərbaycandan idxalı isə 4,8 milyard dollar təşkil edib. Türkiyə Azərbaycanın ixracında ikinci, idxalında isə üçüncü yerdə qərarlaşıb.
Hazırda Azərbaycandakı türk investisiyalarının həcmi təxminən 18 milyard dollar, Türkiyədəki Azərbaycan investisiyaları isə 21 milyard dollar səviyyəsindədir. Azərbaycanda 7 minə yaxın türk ortaq kapitallı şirkət fəaliyyət göstərir, Türkiyədə isə Azərbaycan kapitallı təxminən 3 min 100 şirkət mövcuddur. Türk podratçı şirkətləri indiyədək Azərbaycanda ümumilikdə 21,1 milyard dollar dəyərində 558 layihə həyata keçiriblər.
KEK-in 12-ci iclası çərçivəsində imzalanması planlaşdırılan KEK Protokolu və Fəaliyyət Planı ilə ticarət, enerji, nəqliyyat, səhiyyə, təhsil və mədəniyyət daxil olmaqla bir çox sahədə Türkiyə–Azərbaycan iqtisadi münasibətlərinin yol xəritəsinin müəyyənləşdirilməsi hədəflənir. İnvestisiya Forumunun isə iki ölkənin iş dünyaları arasında əlaqələri gücləndirməsi və regional iqtisadi əməkdaşlığa töhfə verməsi gözlənilir.
DOĞRU.AZ




























