Dekabrın 10-da Türkmənistanın Türkmənbaşı şəhərindəki “Avaza” Milli Turizm Zonasında “Müasir cəmiyyətdə qadınların rolu: Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığın inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilib.
Doğru.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Qonaqlar əvvəlcə Türkmənistanın mədəni irsini və ölkənin müxtəlif sahələrdə əldə etdiyi uğurları əks etdirən sərgi ilə tanış olublar. Ekspozisiyada qadınların dövlət quruculuğu, elm, təhsil, səhiyyə və iqtisadi sahələrdə fəal iştirakını əks etdirən stendlər yer alıb.
Konfrans qadınların rolunun gücləndirilməsi, qlobal inkişaf gündəminin dəstəklənməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə beynəlxalq təşkilatların nümayəndələrini və ekspertləri bir araya gətirib.
Açılış mərasimində çıxış edən Oğulcahan Atabayeva tədbirin humanist təşəbbüslərin təşviqi üçün vacib platforma olduğunu bildirib. O, qadınların sosial və iqtisadi proseslərdə aktyor rolunu vurğulayıb, qadın və uşaqlar üçün beynəlxalq dəstək şəbəkəsinin yaradılmasının əhəmiyyətini qeyd edib.
BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya bu il qeyd olunan üç əlamətdar tarixi xatırladaraq, Türkmənistanın neytrallıq siyasətində qadınların roluna diqqət çəkib. O bildirib ki, qadınlar ölkəni beynəlxalq təşkilatlarda təmsil edir, çoxtərəfli dialoqa töhfə verir və parlament fəaliyyətində fəal iştirak edirlər.
Özbəkistan Prezident Administrasiyasının rəhbəri Saida Mirziyoyeva ölkəsində qadın hüquqlarının müdafiəsi üçün atılan addımlardan danışıb. O, qızların pulsuz magistr təhsili, beynəlxalq təqaüd proqramları və qadın sahibkarlar üçün dəstək mexanizmləri barədə məlumat verib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxışında qadınların liderliyi və təcrübəsinin davamlı inkişaf üçün əhəmiyyətini vurğulayıb. O, Fondun beynəlxalq layihələri barədə danışaraq, müxtəlif ölkələrdə məktəblərin tikintisi, təhsil proqramları və qızların inkişafını dəstəkləyən layihələrin həyata keçirildiyini bildirib. Leyla Əliyeva Xəzər dənizinin səviyyəsinin azalması probleminə də toxunaraq, bunun dəniz ekosisteminə ciddi təsirlərindən danışıb.
Digər çıxışçılar qadınların cəmiyyətdə mədəni ənənələrin qoruyucusu olduqlarını qeyd edib, onların potensialının siyasi və iqtisadi həyatda daha geniş təmsilinin vacibliyini vurğulayıblar. Tədbir panel iclaslarla davam edib.
DOĞRU.AZ





























