Azərbaycanın təşəbbüsü ilə başlanan sülh marafonu tarixi zirvəsinə çatdı.
Vaşinqtonda Prezident İlham Əliyevin siyasi iradəsi və masadakı qətiyyəti ilə “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi” sənədinin mətni razılaşdırıldı.
Bu, illərin münaqişəsinə nöqtə qoyacaq imzaya gedən son qapının açılmasıdır.
ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona yollanan İlham Əliyev burada yalnız qonaq kimi yox, qalib ölkənin lideri kimi qarşılandı. Ağ Evdə verilən isti qəbul, masada qoyulan sənədlər və səslənən bəyanatlar Azərbaycanın diplomatiya meydanındakı gücünü bir daha göstərdi.
Liderlərin imzası ilə rəsmiləşən Birgə Bəyannamədə beynəlxalq sərhədlərin toxunulmazlığı, ərazi iddialarına son və regionda yeni kommunikasiya xətlərinin açılması kimi bəndlər yer aldı.
Prezident İlham Əliyev səfərin nəticələrini “tarixi nailiyyət” adlandıraraq vurğuladı: ABŞ-la strateji tərəfdaşlıq səhifəsi açılır. Bu əməkdaşlıq enerji, nəqliyyat, təhlükəsizlik və müdafiə sahələrində Azərbaycanın qarşısında geniş üfüqlər açacaq. Vaşinqton səfəri bir daha sübut etdi ki, diplomatiya masasında da qələbə qazanmaq olur.
Azərbaycan bunu bacardı, lideri isə bu qələbəni vətənə özü gətirdi.
DOĞRU.AZ