Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
Doğru.az xəbər verir ki, görkəmli aktrisa və bədii qiraət ustası, Xalq artisti Əminə Yusifqızı 2025-ci il oktyabrın 9-da, 89 yaşında dünyasını dəyişib.
Əminə Yusifqızı 1936-cı il sentyabrın 24-də Bakıda anadan olub. 1961-ci ildə M.F.Axundzadə adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirib. Səhnəyə olan marağı onu 1958–1964-cü illərdə Gənc Tamaşaçılar Teatrına, 1974-cü ilə qədər isə Akademik Milli Dram Teatrına gətirib. O, “Anacan”, “Son məktub”, “Söz yarası”, “Ana tarla”, “Şeytanın şagirdi” və digər tamaşalarda unudulmaz obrazlar yaradıb.
1974-cü ildə “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətə başlayan aktrisa “Şərikli çörək”, “Sən niyə susursan?”, “Bizim küçənin uşaqları”, “Musiqi müəllimi” və digər filmlərdə rol alıb, həmçinin televiziya tamaşaları və dublyaj işlərində uğurla iştirak edib.
Uzun illər Azərbaycan Dövlət Televiziya və Radiosunda klassik və çağdaş poeziyanın təbliğinə xidmət edən Əminə Yusifqızı 1982-ci ildə “Əməkdar artist”, 1998-ci ildə “Xalq artisti”, 2016-cı ildə isə “Şöhrət” ordeni ilə təltif olunub.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi mərhum aktrisanın ailəsinə və yaxınlarına başsağlığı verib.
Allah rəhmət eləsin.
DOĞRU.AZ