Azərbaycan Rusiyanın sözünü yerə salıb, erməni terrorçuları təhvil vermədi. Bunun əsaslandırılması odur ki, 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyannamədən sonra Azərbaycan tərəfdə yaxalanan erməni silahlıları cinayətkar kimi həbs edilib.
Azərbaycan tərəfin bu qətiyyətli addımı Ermənistanı qarışdırıb. Ermənistan minalanmış ərazilərin xəritəsini vermədiyi üçün həmin terrorçuları ölkələrinə təhvil verilmədiyi iddia olunur. Bu cür halda, proses hara doğru gedir?
ABŞ Dövlət Departamenti bəyan edib ki, Rusiya Qarabağ konfliktinin nizamlanmasına yox, saxlanmasına çalışır. Dövlət katibinin müavini Corc Kent bu xüsusda deyib ki, Rusiya Qarabağ konfliktinin uzanmasına can atır. O, Azərbaycanın qalib kimi tanınmasının da əleyhinə çıxıb və olduqca axmaq, ədalətsiz fikir bildirib: “Azərbaycan müharibənin qalibi qəbul edilə bilər, amma dörddə bir əsr əvvəl Ermənistan birinci müharibənin qalibi olduğu zaman olduğu kimi, bu, böhranın həllinə səbəb olmur”.
C.Kent Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı adının çəkilməsini istəməyən Gürcüstan XİN müavinindən belə bir sitat gətirib: “Noyabrda o demişdi: “Bu, həmin situasiyadır ki, Gürcüstan 1998-ci ildə üzləşmişdi. Ardınca Azərbaycan Gürcüstanın 2008-ci ildə üzləşdiyi situasiya ilə üzləşəcək. Sonra isə o, Gürcüstanın indi yaşadığı situasiyada olacaq. Bu, kifayət qədər bədbin, amma mümkün proqnozdur”.
Amerikalı diplomat bununla şübhəsiz ki, Rusiyanın Abxaziya və Osetiya ssenarisinə işarə edib. Bəllidir ki, Rusiya 2008-ci ildə sülhməramlı amilindən istifadə eləməklə Gürcüstana hərbi müdaxilə edib və iki bölgəni özünə birləşdirib. Moskvanın Azərbaycana münasibətdə də belə bir niyyəti mümkünmü? Hər necə olmasa, Azərbaycan Gürcüstan deyil və üstəlik, Türkiyə amili var. Türkiyə artıq Azərbaycandadır.
“Mən Azərbaycan hakimiyyətinin Rusiya sülhməramlılarının Qarabağda uzunmüddətli perspektivdə qalacağı ilə bağlı narazılığının artacağını gözləyirəm”. Bunu da Kent deyib. Amerikanın bu açıqlaması rəngləri həddən artıq tündləşdiməyə cəhd sayıla bilərmi? ABŞ da Qarabağ məsələsnin birdəfəlik həlli üçün sinov getmir. Baxmayaraq ki, Rusiyanı ittiham edir, özü də bu konfliktin ədalətli həlli üçün heç vaxt doğru-düzgün addım atmadı. Bu mövqeyini Kentin timsalında bir daha göstərdi.
İşğaldan sonrakı ən böyük problem – minalar. Türkiyə müdafiə naziri Hülusi Akar deyib ki, qardaş ölkə mütəxəssisləri bu məsələdə Azərbaycana var gücü ilə kömək edir və ərazilər ən qısa zamanda minalardan təmizlənəcək. “Ən qısa zamanda”, yəni nə vaxt? Mina təmizləmə prosesi nə yerdədir? Havaların tədricən isinməsinin işlərin sürətinə təsiri olacaqmıı? Müvafiq beynəlxalq qurumlar (BMT, ATƏT) necə, prosesə dəstək verirmi?
Qarabağ Bölgəsi Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev belə bir twit yazıb: “Tezliklə ofisimiz Xankəndində işləyəcək, hazırda şəhərdə bundan ötrü yer axtarılır. Etnik mənsubiyyətindən asılı olmayaraq Xankəndi şəhərinin bütün sakinlərini təmsil edən bir millət vəkili olaraq onlara yaxşı xidmət etmək üçün əlimdən gələni edəcəyəm”.
Belə bir şey tezliklə mümkündürmü? Bəs təhlükəsizlik məsələsi? Çünki hələ müharibədən öncə Gəncəliyev deyirdi ki, ona ermənilərdən hədələr gəlir.
10 noyabr kapitulyasiya sənədinin imzalanmasından 5 ay ötür. Ötən müddətdə bu sənəd Azərbaycana və Ermənistana nə verdi? Onun hələ də reallaşmayan bəndləri var. Proqnozlar necədir, bu saziş Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin əsasında dura biləcəkmi? Kommunikasiyalar nə vaxt açılacaq və Ermənistandakı seçkilər rəsmi İrəvanın əlində bəhanə rolu oynaya bilərmi?
DOĞRU.AZ