Noyabrın 3-də Türkiyənin Antalya şəhərində Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu panel müzakirələrlə davam edib.
Doğru.az xəbər verir ki, forum çərçivəsində Azərbaycanın Əməkdar artisti, pianoçu, professor, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısı Nərgiz Əliyarovanın moderatorluğu ilə “Mədəniyyət sahəsində beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi: əməkdaşlıq imkanları və perspektivlər” adlı sessiya təşkil olunub.
Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında bildirib ki, Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması və gənc nəsillərə çatdırılması üçün xarici təcrübələrin öyrənilməsi vacibdir. O, həmçinin vurğulayıb ki, xaricdəki mədəniyyət elçilərinin fəaliyyətinin stimullaşdırılması mədəni diplomatiyanın güclənməsinə mühüm töhfə verir.
Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru Rəşad Əzizov qeyd edib ki, kino və vizual sənət sahəsində beynəlxalq əməkdaşlıq imkanları genişdir və Azərbaycan kino sənətinin xaricdə təbliği üçün yeni layihələrin həyata keçirilməsi prioritet istiqamətlərdəndir.
“Ophrys Art Gallery”nin təsisçisi Cəmilə Orucova isə bildirib ki, xaricdə təşkil olunan sərgilər və mədəni proqramlar Azərbaycan mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Onun sözlərinə görə, bu tip tədbirlər həm də xarici tərəfdaşlarla qarşılıqlı təcrübə mübadiləsi üçün vacib platformadır.
Mersin Universitetinin professoru Toğrul Qəniyev beynəlxalq akademik təcrübələrin Azərbaycana gətirilməsinin, mədəni layihələrin elmi əsaslarla inkişaf etdirilməsinin və tələbələrin mədəniyyət sahəsində biliklərinin artırılmasının əhəmiyyətini diqqətə çatdırıb.
Sessiya zamanı iştirakçılar mədəniyyət sahəsində birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi və beynəlxalq əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
DOĞRU.AZ
 
 




























