BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) tərəfindən Ər-Riyad şəhərində təşkil olunan 11-ci Qlobal Forum çərçivəsində dekabrın 14-də UNAOC Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşü keçirilib.
Doğru.az-a Mədəniyyət Nazirliyindən verilən məlumata görə, görüşdə çıxış edən mədəniyyət naziri Adil Kərimli Azərbaycanın tarixən formalaşmış tolerantlıq mühiti barədə məlumat verib. Nazir, Prezident İlham Əliyevin “Müxtəlif millətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin qarşılıqlı dialoq və anlaşma şəraitində birgəyaşayışı ölkədə vətəndaş həmrəyliyi və sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır” fikirlərini vurğulayıb.
Adil Kərimli mədəniyyətlərarası dialoqun təşviqi, multikultural dəyərlərin qorunması və mədəni diplomatiyanın beynəlxalq əməkdaşlığın inkişafında rolunu xüsusi qeyd edib. Nazir forumun yüksək səviyyədə təşkilinə görə Səudiyyə Ərəbistanı Krallığı Hökumətinə təşəkkürünü bildirib və UNAOC-un qlobal dialoq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində mühüm beynəlxalq platforma olduğunu vurğulayıb.
Çıxışda Azərbaycanın UNAOC ilə əməkdaşlıq çərçivəsində dinlərarası dialoqun təşviqi istiqamətində həyata keçirdiyi təşəbbüslərə də toxunulub.
DOĞRU.AZ





























