Mayın 15-də Qazaxıstanın Atırau şəhərində yeni açılan Atırau–Bakı–Atırau birbaşa aviareysinin təqdimat mərasimi çərçivəsində Azərbaycanın turizm imkanları təbliğ edilib.
Tədbirdə Azərbaycan Turizm Bürosunun (ATB) nümayəndəsi çıxış edərək, ölkəmizin turizm potensialı barədə geniş təqdimatla çıxış edib. Qazaxıstan vətəndaşları arasında son dövrlərdə artan maraq nəzərə alınaraq sağlamlıq turizmi, aktiv səyahət, mədəni tədbirlər, festivallar, konsertlər, MICE (işgüzar səfərlər) və qolf turizmi üzrə imkanlar xüsusi vurğulanıb.
Bildirilib ki, 2025-ci ilin ilk dörd ayı ərzində Azərbaycana səfər edən Qazaxıstan vətəndaşlarının sayı ötən illə müqayisədə 18% artıb.
Tədbirdə həmçinin “Air Astana” aviaşirkəti, “Azertour” və “TABIA Group” şirkətlərinin nümayəndələri də iştirak edib və yeni uçuşların turizm əlaqələrinə müsbət təsirindən danışıblar.
Qeyd edək ki, Atırau-Bakı-Atırau birbaşa reysləri 31 may tarixindən etibarən həftədə üç dəfə həyata keçiriləcək. Hazırda Qazaxıstanın Astana, Almatı və Aktau şəhərlərindən də Bakıya birbaşa uçuşlar mövcuddur.
DOĞRU.AZ