2026-cı il iyulun 28-də Azərbaycan mediasında tanınmış reper Elşad Xosenin səhhətinin ağırlaşması və Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi barədə məlumatlar yayıldı. Xəbər qısa müddətdə müxtəlif media resursları və sosial şəbəkə səhifələri tərəfindən tirajlandı.
Doğru.az xatırladır ki, ilkin məlumatlarda Xosenin xəstəxanaya yerləşdirildiyi və vəziyyətinin ağır olduğu iddia edilirdi. Lakin həmin vaxt məlumatı təsdiqləyən Elşad Xosenin özü, ailəsi və ya rəsmi dövlət qurumu tərəfindən açıqlama verilməmişdi.
Araşdırma zamanı görünür ki, xəstəxanaya yerləşdirilmə xəbəri müxtəlif saytlarda müstəqil mənbələrə əsaslanmadan yayılıb. Bir sıra media orqanları məlumatın SKNDL MAG tərəfindən yayıldığını qeyd edib. Daha sonra xəbər digər saytlar tərəfindən dərc olunub.
Beləliklə, xəbərin ilk mərhələsində əsas problem məlumatın rəsmi təsdiqini tapmaması idi.
Xəstəxanadan nə deyildi?
Məsələyə aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyinə müraciət olundu.
Nazirliyin Mətbuat Xidməti bildirdi ki, şəxsin psixi sağlamlığı, psixiatriya və narkoloji xidmətlərdən istifadə edib-etməməsi ilə bağlı məlumatlar tibbi sirr hesab olunur. Buna görə də konkret şəxsin psixiatriya və ya narkoloji müəssisədə qeydiyyatda olub-olmaması barədə məlumat üçüncü şəxslərə və mediaya açıqlana bilməz.
Nazirliyin açıqlamasına əsasən, belə məlumat yalnız şəxsin razılığı və ya qanunvericilikdə nəzərdə tutulan hallarda, məsələn, səlahiyyətli dövlət orqanlarının qanuni tələbi əsasında açıqlana bilər.
“Vəziyyəti ağırdır” məlumatı necə yayıldı?
İlkin xəbərlərdə Xosenin vəziyyətinin ağır olduğu da yazılmışdı. Lakin araşdırdığımız mənbələrdə bu iddianı təsdiqləyən tibbi açıqlama və ya xəstəxananın rəsmi məlumatı yoxdur. Əksinə, xəstəxananın xəbərləri təkzib etdiyi bildirilib.
Hadisə bir daha göstərdi ki, tanınmış şəxslərin səhhəti ilə bağlı yayılan məlumatlarda sosial şəbəkə paylaşımı ilə təsdiqlənmiş məlumat arasında ciddi fərq var.
Elşad Xose ilə bağlı hadisədə ilkin iddia sürətlə yayılsa da, sonrakı araşdırma həmin iddianın təsdiqlənmədiyini ortaya qoyub. Respublika Psixiatriya Xəstəxanası xəbəri təkzib edib, Səhiyyə Nazirliyi isə tibbi məxfilik səbəbindən konkret məlumat verməyib.
Məlumatları dəqiqləşdirmək və Elşad Xosenin son durumunu öyrənmək üçün yaxınları ilə əlaqə saxlamağa çalışsaq da, bu cəhdlərimiz nəticə vermədi. Vaxtilə reperin mediaya açıq olan telefon nömrələrinin bir qisminə indi ya zəng çatmır, ya da zəngi cavablamaq istəmirlər. Ümid edirik ki, tezliklə reperlə bağlı müsbət xəbərlər eşidəcəyik…(Bakıvaxtı.az)
DOĞRU.AZ

























