Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist və tarzən Sahib Paşazadə Pakistanın Kəraçi şəhərində keçirilən Dünya Mədəniyyət Festivalında “Fəxri medal”a layiq görülüb.
Doğru.az xəbər verir ki, medalı Əməkdar artistə Art Council təşkilatının Prezidenti Məhəmməd Əhməd Şah təqdim edib.
Sahib Paşazadə bu mükafata layiq görülən ilk sənətkardır. O, tar alətinə verdiyi töhfələr və Azərbaycanın musiqi mədəniyyətini beynəlxalq səviyyədə təbliğ etdiyinə görə daha əvvəl də bir çox medal və fəxri titullara layiq görülüb. Onun uğurları arasında Niaqara Beynəlxalq Musiqi Festivalında “Tarın Paqaninisi” titulu (2008), Polşa və Azərbaycan arasında mədəni əlaqələrə görə medallar (2018, 2021), Yakutiya Respublikasının 100 illiyi münasibətilə qızıl medal (2022), TÜRKSOY-un “Nizami-880” və 30 illik medalları, Fransanın Karyer-su-Puassi şəhər medalı (2019) və “Özbəkistanın mədəniyyət elçisi” fəxri adı yer alır.
Tarzən dünyanın müxtəlif ölkələrində ustad dərsləri və mühazirələr keçirərək milli musiqi alətimiz olan tarı geniş təbliğ edib. Bu fəaliyyətinə görə Özbəkistanın bir neçə ali təhsil müəssisəsinin fəxri professoru adına layiq görülüb.
DOĞRU.AZ






























