image-n1karobka_ads
image-123
image-17516279074623464208_1200x630backend

Fərdi məlumatların qorunması gücləndirilir – Yeni tədbirlər görülür  

Son dövrlər müşahidə olunan kiberdələduzluq hallarının qarşısının alınması, vergiödəyicilərinin fərdi və sahibkarlıq fəaliyyətləri ilə bağlı məlumatlarının təhlükəsizliyinin daha etibarlı qorunması üçün ödəyicilər şəxsi elektron kabinetlərinə yalnız gücləndirilmiş elektron imza vasitəsilə daxil ola bilirlər. Lakin inzibatçılığın sadələşdirilməsini təmin etmək məqsədilə bəzi vergiödəyicilərinə münasibətdə istisnalar tətbiq edilir.

Dövlət Vergi Xidmətindən Doğru.az-a bildirilib ki, hazırda yalnız muzdlu işçi cəlb etmədən fəaliyyət göstərən bir sıra vergiödəyiciləri, o cümlədən sabit qəbzlə çalışan ofisiantlar, bərbərlər, dərzilər, çəkməçilər, məişət cihazlarının təmiri ilə məşğul olanlar, Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan digər şəxslər, eləcə də ölkə ərazisində sərnişin daşımalarını həyata keçirənlər, mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqlardan faydalanan fiziki şəxslər və ailə kəndli təsərrüfatlarının başçıları elektron kabinetlərinə istifadəçi kodu, parol və şifrə vasitəsilə daxil ola bilərlər. Digər vergiödəyicilərinin elektron şəxsi kabinetlərinə daha yüksək informasiya təhlükəsizliyi imkanlarına malik gücləndirilmiş elektron imzalar, məsələn, “SİMA İmza” və ya “ASAN İmza” vasitəsilə daxil olması mümkündür.

Qeyd olunub ki, gücləndirilmiş elektron imzalar digər identifikasiya vasitələrindən fərqli olaraq, yüksəksəviyyəli təhlükəsizlik texnologiyaları və PİN kodlarla qorunur.

Vergiödəyiciləri “ASAN İmza” sertifikatlarını əldə etmək üçün mobil şəbəkə operatorlarından aldıqları biznes tipli “ASAN İmza” mobil simkart və şəxsiyyəti təsdiq edən sənədlə birlikdə Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərinə, KOB evlərinə və ya “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

“SİMA İmza” üçün isə mobil tətbiqi smartfona yükləyərək qeydiyyatdan keçmək kifayətdir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki