M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında XX əsr dünya musiqisinin görkəmli bəstəkarlarından Sergey Raxmaninovun yaradıcılığına həsr olunmuş unudulmaz musiqi gecəsi təşkil edilib.
Doğru.az xəbər verir ki, konsert proqramında bəstəkarın fortepiano üçün yazdığı ən məşhur əsərləri səsləndirilib. Dinləyicilər Raxmaninovun müxtəlif dövrlərə aid prelüd, etüd-şəkil, musiqi anı, elegiya və variasiyalarını dinləyə biliblər. Proqram Raxmaninov musiqisinin lirizm, dramatizm və virtuozluq xüsusiyyətlərini ön plana çıxarıb.
Tədbirdə pianoçular Aynur Abdullayeva, Fəqan Həsənli, Aysel Hacızadə, Firuzə Nəcəfli-Qədimalıyeva və Nərgiz Kəngərlinin ifasında “Korelli mövzusunda variasiyalar”, op.42 və “Altı pyes” silsiləsindən “Barkarolla və Skertso” kimi mürəkkəb əsərlər böyük maraqla qarşılanıb.
Konsert boyu Raxmaninovun musiqisindəki dərin hisslər və romantik ovqat auditoriyaya unikal bir musiqi səyahəti yaşadıb.
DOĞRU.AZ





























