İmtahan zalları yalnız qaydaların tətbiq olunduğu məkan deyil, həm də gənclərin taleyinin müəyyənləşdiyi mühüm mərhələdir. Lakin son illər bu prosesin nə dərəcədə ədalətli keçirildiyi ilə bağlı ciddi suallar yaranır.
Doğru.az xəbər verir ki, imtahan stresinə tab gətirə bilməyən, psixoloji gərginlik yaşayan gənclərin sayı artmaqdadır. Bu isə məsələnin artıq təkcə təhsil deyil, həm də sosial və vicdan məsələsinə çevrildiyini göstərir.
Müşahidələr göstərir ki, bəzi hallarda şagirdlər sınaq imtahanlarında yüksək nəticə göstərsələr də, buraxılış imtahanlarında eyni uğuru təkrarlaya bilmirlər. Bu fərq isə sualların çətinlik səviyyəsi və qiymətləndirmə meyarlarının obyektivliyi ilə bağlı müzakirələri daha da aktuallaşdırır.
Ekspertlər hesab edir ki, imtahan suallarının balanslı tərtib olunması vacibdir. Əks halda, uzun müddət hazırlaşan şagirdlə zəif nəticə göstərənlərin eyni səviyyədə qiymətləndirilməsi ədalət prinsipinə zidd görünə bilər.
Valideynlərin repetitorlara üz tutması da təhsil sistemindəki boşluqlara işarə edir. Əgər məktəblərdə verilən biliklər kifayət etsəydi, əlavə hazırlığa bu qədər ehtiyac yaranmazdı.
Bu gün bəzi şagirdlər imtahanlara qeyri-müəyyənlik və narahatlıq hissi ilə yanaşır. Onların dilində tez-tez səslənən “görək bu dəfə nə olacaq” fikri isə sistemə olan inamın sarsıldığını göstərir.
Mütəxəssislər bildirir ki, gənclərin sağlam psixoloji mühitdə yetişməsi, onların gələcəkdə cəmiyyətə faydalı vətəndaş kimi formalaşması üçün şəffaf və ədalətli imtahan sistemi vacibdir.
Cəmiyyət qarşısında duran əsas sual isə dəyişməz qalır: bu sistem nə vaxt daha ədalətli və etibarlı olacaq?
İlahə Əliyeva
DOĞRU.AZ


























