Göygöl rayonunda Göygöl-Topalhəsənli-Şəhriyar avtomobil yolunun 8-ci kilometrindən ayrılan Zurnabad-Gəncə-Mollacəlilli avtomobil yolu layihəsinin icrasına start verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Doğru.az-a verilən məlumata görə, 3 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 10,2 km olan bu yolun ilkin mərhələsində Zurnabad-Gəncə qəsəbəsi hissəsində (5,2 km) yenidənqurma işləri aparılır.
Əvvəllər çınqıl örtüklü olan bu yol, xüsusilə payız-qış aylarında nəqliyyat və piyadalar üçün ciddi çətinliklər yaradırdı. Hazırda IV texniki dərəcəyə uyğun olaraq yolun eni 9-10 metrə qədər genişləndirilir. Eyni zamanda, müxtəlif ölçülü suötürücü boruların quraşdırılması, torpaq işləri və yol yatağının formalaşdırılması işləri görülür.
Layihənin 1-ci kilometrində bir aşırımlı yeni körpü tikiləcək.
Mollacəlilli hissəsində isə əlavə olaraq səkilərin tikintisi və bərpası, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması nəzərdə tutulur.
Yolun bu hissəsi III və IV texniki dərəcəyə uyğun şəkildə yenidən qurulacaq. Son mərhələdə yol nişanları və üfüqi nişanlanma xətləri quraşdırılmaqla yol istifadəyə veriləcək.
DOĞRU.AZ