Doğru.az xəbər verir ki, Xalq artisti Tünzalə Ağayeva Amerika Birləşmiş Ştatlarında rəsmi səfərdədir. O, ABŞ Dövlət Departamentinin 80 ildən artıqdır həyata keçirdiyi “IVLP – International Visitor Leadership Program” çərçivəsində bir sıra tədbir və görüşlərdə iştirak edir.
Səfər zamanı sənətçi Vaşinqtonda yerləşən Dövlət Departamentinin “Mədəniyyət və müəllif hüquqları” şöbəsində qonaq olub, müəllif hüquqları, musiqi təhsili və tədrisi mövzularında fikir mübadiləsi aparıb.
Tünzalə Ağayeva həmçinin ABŞ–Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışovla görüşüb. Görüş zamanı o, Hüseyn Cavidin “Qız məktəbində” şeiri əsasında bəstələnmiş “Gülbahar” əsərini canlı ifa edib. Xüsusi diqqət çəkən məqamlardan biri Palatanın həyətində Hüseyn Cavidin büstünün olması olub.
Səfər çərçivəsində Xalq artisti dünyanın ən böyük kitabxanası olan ABŞ Konqres Kitabxanasını da ziyarət edib. Burada Aşıq Əkbər, Zəlimxan Yaqub və digər tanınmış sənətkarların səsyazmaları yer alır.
Təəssüratlarını bölüşən Tünzalə Ağayeva bildirib:
“Azərbaycanda fəaliyyət göstərən ABŞ Səfirliyinə təşəkkür edirəm. Bu proqram çərçivəsində çox maraqlı və faydalı görüşlər keçirirəm. Ən önəmlisi isə odur ki, Azərbaycan musiqisinin zənginliyi və çoxşaxəliliyi dünyaya təqdim olunur.”
DOĞRU.AZ