Həftəsonu günlərində şəhərlərarası və rayonlara doğru səfərlərin intensivliyi artır.
Doğru.az xəbər verir ki, bununla bağlı DİN-in mətbuat xidmətindən məlumat verilib.
Yol hərəkətinin sıxlaşması isə diqqət və məsuliyyət tələb edir. Bu baxımdan Baş Dövlət Yol Polisi səfərə çıxan sürücülərə bir sıra vacib məqamları xatırladır.
Sürücülərdən xahiş olunur:
səfərə başlamazdan əvvəl nəqliyyat vasitəsinin texniki vəziyyətini, xüsusilə əyləc, sükan, təkər və işıqlandırma sistemlərini yoxlasınlar;
yol boyu hərəkət sürətini yol şəraitinə və müəyyən edilmiş hədlərə uyğun seçsinlər;
uzun məsafələrdə yorğunluq hiss edildikdə fasilə versinlər;
öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsini saxlasınlar;
ötmə əməliyyatlarını yalnız icazə verilən və təhlükəsiz yol sahələrində həyata keçirsinlər.
Eyni zamanda, sürücülərə tövsiyə olunur ki, səfər zamanı diqqəti yayındıran amillərdən, o cümlədən mobil telefondan istifadədən çəkinib, təhlükəsizlik kəmərindən istifadəni unutmasınlar.
Bir daha xatırladırıq ki, səfərin rahat və təhlükəsiz keçməsi sürücünün diqqətindən və məsuliyyətli davranışından asılıdır. Qaydalara əməl edək, yol boyu təhlükəsizliyi birlikdə təmin edək.
DOĞRU.AZ


























