Dekabrın 9-da Türkiyənin İstanbul şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisinin açılış mərasimi keçirilib.
Doğru.az xəbər verir ki, tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid, eləcə də Türkiyə və Azərbaycan turizm sənayesinin təmsilçiləri iştirak edib.
Fuad Nağıyev çıxışında nümayəndəliyin ölkələrimiz arasında əməkdaşlığı gücləndirəcəyini, Azərbaycanın turizm brendinin Türkiyədə daha geniş tanıdılmasına töhfə verəcəyini bildirib. Türkiyəli ziyarətçilərin Azərbaycana marağının artdığını və son 5 ildə onlar arasında ikinci yerdə olduqlarını qeyd edib.
Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Serdar Çam isə büronun xalqlarımızın bir-birini daha yaxından tanımasına xidmət edəcəyini vurğulayıb. Baş konsul Nərminə Mustafayeva nümayəndəliyin əlaqələri daha da möhkəmləndirəcəyinə inamını ifadə edib.
Tədbir çərçivəsində iki ölkənin turizm nümayəndələri əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Qeyd edək ki, 2025-ci ilin 11 ayında Azərbaycana gələn Türkiyə vətəndaşlarının sayı 416 mindən çox olub ki, bu da 2024-cü illə müqayisədə 7 faiz artım deməkdir.
DOĞRU.AZ





























