image-n1karobka_ads
image-123
image-1765808976421343303_1200x630backend

Müasir dramaturgiya Azərbaycan teatrında daha çox diqqət tələb edir

image-ad_qayo_720x110px

Müasir dünya dramaturgiyası Azərbaycan səhnəsində hələ geniş işıqlandırılmır. Son illərdə teatrlarımız Lars Nuren, Martin MakDonah və Vladimir Klim kimi xarici dramaturqların əsərlərinə müraciət etsə də, səhnədə əsasən milli dramaturgiya nümunələrinə üstünlük verilir. Bunun səbəblərindən biri tərcümə və müəllif hüquqları məsələləridir.

Doğru.az xəbər verir ki, müasir Azərbaycan dramaturgiyasında isə son illərdə yeni tendensiyalar müşahidə olunur. Uzun illər səhnə üçün yazan Elçin, Kamal Abdulla, Afaq Məsud, Əli Əmirli kimi tanınmış dramaturqlarla yanaşı, İlqar Fəhmi, İsmayıl İman, Ülviyyə Heydərova, Jalə İsmayıl, Şəbnəm Xeyrulla kimi gənc dramaturqların əsərlərinə də teatrlar maraq göstərir. Onların yaradıcılığı həm üslub, həm də mövzu baxımından fərqlidir.

Teatrşünas Fəridə Cəlilova qeyd edib ki, klassik milli dramaturgiyada M.F. Axundzadənin əsərləri aktuallığı, hərəkətliliyi və yumoru ilə seçilir. Onun sözlərinə görə, müasir dramaturgiyada da tamaşaçını cəlb edən prinsiplər qorunmalıdır.

O bildirib ki, yeni dramaturgiyanın yaranması üçün həm müəllif, həm də tamaşaçı baxımından yeni düşüncə lazımdır. Dramaturgiya yalnız mövcud problemləri əks etdirməməli, oxucu və tamaşaçını dəyişdirməlidir.

Fəridə Cəlilova əlavə edib ki, müasir Azərbaycan dramaturgiyasında mövzular əsasən ailə-məişət problemləri, sosial məsələlər və tənhalıq ətrafında cərəyan edir. Son illərdə isə müharibə və repressiya qurbanlarının xatirəsi də səhnəyə çıxarılır. Onun sözlərinə görə, aktuallıq yalnız “vacib” mövzularla məhdudlaşmamalıdır, cəmiyyətin daxili ehtiyacından doğan məsələlər də əks etdirilməlidir.

Teatrşünas vurğulayıb ki, dramaturgiyanın inkişafı üçün yalnız təşkilati işlər yox, həm də yaradıcılıq mühiti formalaşdırılmalıdır. Bu baxımdan pyes oxunuşlarının sayının artması müsbət haldır. Yuğ Teatrında başlayan ənənə “Lyubimovkanın əks-sədası Bakıda” (2023) və “CHARACTERS” Müasir Dramaturgiya Festivalı (2024) ilə davam etdirilib, bir çox pyeslər səhnəyə çıxarılıb.

Fəridə Cəlilova bildirib ki, bu cür təşəbbüslər gənclərdə dramaturgiya ilə marağı artırır və teatr üçün mətn yazmaq istəyini gücləndirir. O qeyd edib ki, gənclər yalnız səhnədə izlədikləri tamaşaların sehrinə düşdükdə, özləri də əsər yaratmağa başlaya bilərlər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki