Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyasında iştirak etmək məqsədilə İsveçrənin Cenevrə şəhərində səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) Koordinasiya görüşünə sədrlik edib.
Doğru.az-ın məlumatına görə, Milli Məclisin sədri çıxışında bu görüşlərin beynəlxalq əməkdaşlığın və koordinasiyanın genişləndirilməsində mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, Azərbaycan 2024-cü ildən APA-nın sədri olaraq institusional potensialın inkişafı, üzvlərin sıralarının genişləndirilməsi və mövcud orqanların səmərəliliyinin artırılması istiqamətində bir sıra prioritetlər irəli sürüb.
Sahibə Qafarova həmçinin Qəzzada atəşkəs razılaşmasına toxunaraq, regionda ədalətli və davamlı sülhün təmin olunmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, gələn il Bəhreyn Krallığı APA-ya sədrlik edəcək və təşkilat Asiyada parlamentlərarası əməkdaşlığı gücləndirməyə davam edəcək.
Görüş gündəlikdə duran məsələlərin müzakirəsi ilə davam edib.
DOĞRU.AZ