Dekabrın 24-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Doğru.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Türkiyə Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik edərək, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycan Prezidentinin Türkiyəyə, Türkiyə Prezidentinin isə ölkəmizə səfərləri məmnunluqla xatırlanıb və bütün bunların qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərinin inkişafında əhəmiyyəti vurğulanıb.
Rəcəb Tayyib Ərdoğan həmçinin Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Azərbaycana səfərini qeyd edərək, Azərbaycan–Türkiyə iqtisadi əməkdaşlığı üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilmiş 12-ci iclasının uğurlu nəticələrini vurğulayıb. Dövlət başçıları əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.
DOĞRU.AZ




























