image-2000x150px
image-79d8126b985953cc1a420bcd2635d39abackend

Uşaqlar arasında qəfil ölümün səbəbləri – tanınmış pediatrdan valideynlərə tövsiyələr

image-728x90px
Vaqif Qarayev: “Qəfləti ölümlərdə hər dəfə həkimi günahlandırmaq düzgün deyil…”

Son vaxtlar Azərbaycanda məktəb yaşlı uşaqlar arasında ölüm halları tez-tez qeydə alınmaqdadır. Axırıncı belə faciəvi olay Goranboy rayonunda baş verib. 12 yaşlı uşaq yaşadığı evdə ölüb. Belə ki, Aşağı Ağcakənd kəndində 2010-cu il təvəllüdlü Mustafayev Taleh Mustafa oğlu vəfat edib. Məlumatlara görə, orta məktəbin 6-cı sinif şagirdi olan 12 yaşlı Talehin hansı səbəbdən vəfat etməsi məlum deyil. Faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.

Uşaqların qəfil ölümünün səbəbləri gerçəkdən məlum deyil, yoxsa söhbət valideyn və ya həkim səhlənkarlığından, yaxud tibbi nəzarət və profilaktikanın zəifliyindən getməlidir? Bəs telefon, kompüter faktoru (texnoloji amil) qəfil ölüm statistikasında nə dərəcədə rol oynayır? Ümumiyyətlə, valideynlər uşaqların davranışında nələrə diqqət eləməlidirlər, belə faciələrin qarşısı alınsın?

Yeri gəlmişkən, Merdoka Uşaq Tədqiqat İnstitutu yeni doğulmuş körpələrdə qəfil ürək tutulmasına səbəb olan ATAD3 genində nadir bir mutasiya aşkarlayıb. Belə ki, alimlər tərəfindən Avstraliya, Yaponiya və Yeni Zelandiyadan olan hüceyrələrin enerji mənbələrinin disfunksiyasının naməlum formasından ölən 17 yeni doğulmuş uşağın genofondunun təhlili aparılıb. Araşdırma nəticəsində məlum olub ki, mutasiya ürək hüceyrələrinin kütləvi ölümünə səbəb olub. Bəllidir ki, bu gen mitoxondrial funksiyaya əlavə olaraq kök hüceyrələrin meydana gəlməsi və xərçəng hüceyrələrinin çoxalma sürəti ilə əlaqələndirilir. ATAD3-dəki mutasiya mitoxondriyanın pozulmasına səbəb olur, hüceyrələr çox sayda məhv olmağa başlayır və körpə doğuşdan dərhal sonra ölür. Qeyd edilir ki, bugünkü gündə də doğuşdan dərhal sonra ürək tutmasından ölənlərdən toplanan toxumaların və DNT-nin arxiv nümunələrinin əlavə təhlili aparılır.

Narahatlıq doğuran məsələ isə odur ki, məktəb yaşlı uşaqların qəfil ölümlərinin səbəbi bilinmir…

Vaqif Qarayev - E-tibb.az

Pediatr Vaqif Qarayev mövzu ilə bağlı “Yeni Müsavat”a öncə bunu dedi ki, uşaqlar arasında qəfləti ölümlərin sayı çoxalıb demək doğru olmaz: “Bu valideynlər arasında təşviş yarada bilər. Amma ölüm halları var. Mən də xəbərlərdən oxuyuram, əksəriyyətində səbəb göstərilmir. Mən deməzdim ki, statistik göstəricilər artıb, vəziyyət kəskinləşib. Amma böyük yaşlı uşaqların qəflətən ölməyi narahatlıq doğurur. Tibdə ”qəfil ölüm sindromu” deyilən belə bir anlayış var. Bu, yalnız bir yaşa qədər, südəmər uşaqlarda baş verir. Misal üçün, uşaq gündüz həkim qəbulunda olur, sapsağlam evə yola salınır, axşam ölür. Bunun müxtəlif səbəbləri var. İrsi ola, haradasa gizlənmiş bir patologiya ola bilər. Hələ ki, bunun səbəbləri tam araşdırılmayıb, müxtəlif fərziyyələr olur.

Amma böyük yaşda uşaqlar niyə ölsün ki?! Biz araşdırsaq, 99.9 faiz hallarda o uşaqda nə isə olub. Mən əvvəllər Təcili Tibbi Yardımda işləyirdim. Məktəblərə bizi tez-tez çağırırdılar, uşağın qəfil halı pisləşib deyə. Ən çox bu qız uşaqlarında görünürdü, əsasən də 10 yaşından sonra. Anadan bir problemi olub-olmadığını soruşurduq, “yox” deyirdi. Cinsi yetişkənlik yaşı çatır, hormonlar qalxır-düşür və sairə. İstəmirəm bütün hallarda valideynləri günahlandıram. Amma analara nə sual verirsən, cavab verə bilmir. Halbuki baxırsan, yaşına uyğun nə çəkisi normaldır, araşdıranda görürsən ki, xeyli çatışmazlıqlar olub. Adi elementar müayinələr var, qanın, sidiyin ümumi analizi, vitamin D, bəzi mikroelementlər ildə bir dəfə yoxlanmalıdır.

Çox vaxt uşağın üzünə baxarkən bilmək olur, bənizi ağ uşaq müayinə olunduqda kəskin qan azlığı tapılır. Təbii ki, bu cür uşaqlarda daim baş ağrıları, iştahasızlıq, diqqətsizlik, yorğunluq olacaq, çünki hemoqlobin çox aşağıdır. Sonra gərək biz qanın aşağı olma səbəbini axtaraq. Hamıda dəmir çatışmazlığından olmur axı. Uşağın mütəmadi baş ağrıları olur, soruşursan, ana deyir ağrıyır, dərsi çoxdur. Onunla bağlı deyil axı. Yayda, tətil vaxtı da ağrıyır. Bu zaman başı yoxlamaq lazımdır. Mən 40 il əvvəl tələbə olanda ədəbiyyatlarda yazılırdı ki, filan onkoloji problem uşaqlarda da ola bilər. Amma indi Bakıda Onkoloji Mərkəzdə uşaq şöbəsi var. Bu dəhşətdir. Mütəmadi başı ağrıyan uşağın başını yoxlayırsan, törəmə çıxır. Yaxşı ki, yoxlanılır, uyğun müalicə aparılır. Yoxlanılmasa belə qəfləti ölüm labüddür. Yaxud ümumi qan analizi etmək lazımdır, çox sadə bir analizidir. Bu zaman leykoza şübhə var, mütəxəssisə göndərirsən, təsdiq olunur. Valideyn heç bir şikayət etmir. Ya ürəyi fonendoskopla yoxlayırsan, ürəkdə qüsur var. Baxırsan ki, 16 yaşlı uşaqdır, bu vaxta qədər diaqnostika edilməyib. Bir neçə qüsuru olan uşaqda qəfləti ölüm mütləq olacaq. Heç bir şikayəti olmayan uşaqda böyrəyin sidik analizini edirsən, görürsən uşağın böyrəyində ciddi problemlər var.

Bu siyahını uzatmaq da olar. Nə etmək lazımdır? Profilaktik müayinələr vacibdir. Bizim haqqımızda həmişə deyirlər, azərbaycanlılar həmişə ölüm ayağında həkimə gedirlər. Mən bu fikirlərlə razı deyiləm, bizdə uşağına məsuliyyətlə yanaşan valideynlər var. Açığı, məlumatım yoxdur, ümumi müayinələr sığorta paketinə düşür ya yox. Ümumi profilaktik müayinələr sığorta paketinə düşəcəksə, valideynlər buna gedəcək. Bunun çox böyük əhəmiyyəti var. Qəfləti ölümlərdə hər dəfə həkimi günahlandırmaq düzgün deyil. Uşaq öləndən sonra həkimlər nə edə bilər?! Amma ölümün altındakı səbəbləri gərək tapaq, əhaliyə deyək. Sənin uşağında da bu problem varsa, mütləq həkimə müraciət et. Bir statistika bir ailənin faciəsidir. Son vaxtlar şəkər xəstəliyi uşaqlar arasında həddindən artıq çoxalıb. İrsi şəkər xəstəliyi varsa, valideyn ildə ən azı iki dəfə uşağını yoxlatmalıdır.  Zob xəstəliyi də uşaqlar arasında çoxalıb. İrsi varsa, mütləq uşaqlar müayinə olunmalıdır”.

Vətəndaşlar keyfiyyətli tibbi xidmətlərdən istifadə edəcəklər - Aynurə Əhmədova - "İki sahil"

Aynurə Əhmədova

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova həkimin təklifi ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Chek-up müayinələr yoxdur. Amma ilkin səhiyyə müəssisələrində – poliklinikalar, ailə sağlamlıq mərkəzləri, həkim tibb məntəqələrinə istənilən vaxt müraciət edə bilərlər. Ailə həkimi ilə söhbət edirsən. Ailə həkim ümumi söhbətdən, müayinədən sonra valideyni və uşağı istənilən həkimə yönləndirə bilər. İstər UZİ olsun, istər laborator müayinələr. Əgər uşağın başında problem varsa, təbii ki, o uşaq yönləndirilir. Sığorta çərçivəsində istənilən müayinələrdən həkim təyinatı ilə istifadə etmək mümkündür”.

Afaq MİRAYİQ,

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki