Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası baş tutub.
Dövlət Vergi Xidmətindən Doğru.az-a bildirilib ki, tədbirdə Dövlət Vergi Xidməti, Maliyyə Nazirliyi, Mərkəzi Bank, Dövlət Statistika Komitəsi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Auditorlar Palatası, həmçinin işçi qrupa daxil olan konsaltinq şirkətləri və sahibkarlar iştirak ediblər.
İşçi qrupun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev iclasın gündəliyindəki məsələlər barədə məlumat verib. O, “Vergitutma” indikatoru ilə bağlı 2025-ci il üzrə Yol Xəritəsinin 1-ci rübündə və sonrakı dövrdə görülən işləri təqdim edib. Bildirilib ki, vergiödəyiciləri üçün bir sıra yeni xidmətlər istifadəyə verilib, sadələşdirilmiş vergitutma rejimində olanların bəyannamələrinin göndərilməsi daha da asanlaşdırılır.
Dövlət Vergi Xidmətinin Vergi ombudsmanı xidməti baş idarəsinin rəisi Arif Quliyev qurumun fəaliyyətindən və həyata keçirilən təhlillərdən danışıb.
İclasda konsaltinq şirkətləri və işçi qrup üzvləri vergiödəyicilərinin məlumatlandırılması, riskli vergiödəyiciləri ilə iş, vergi öhdəliklərinin əvəzləşdirilməsi, daxili və xarici emal sənayesində vergi yanaşmaları ilə bağlı təklif və suallarını səsləndiriblər.
2025-ci il üzrə Yol Xəritəsinin hədəfləri müzakirə olunub və ilin sonuna qədər tapşırıqların icrasının sürətləndirilməsi qərara alınıb.
Qeyd olunub ki, Komissiyanın “Vergi və hesabatlılıq” işçi qrupuna rəhbərlik Dövlət Vergi Xidmətinə məxsusdur.
DOĞRU.AZ