Oktyabrın 10-da Azərbaycanın Xalq artisti Əminə Yusifqızı Bakının Yasamal rayonundakı “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.
Doğru.az xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edib.
Təzəpir məscidində keçirilən vida mərasimində Mədəniyyət Nazirliyinin rəsmiləri, Əminə Yusifqızının sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edib. Mədəniyyət nazirinin müavini Murad Hüseynov çıxış edərək Xalq artistinin həm böyük sənətkar, həm də gözəl insan olduğunu bildirib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli Əminə Yusifqızının Azərbaycan musiqi və mədəniyyətinə misilsiz töhfələr verdiyini vurğulayıb. Mərasimdə mərhumun sənət dostları — Xalq artistləri Şəfiqə Məmmədova, Şüküfə Yusupova, Təranə Muradova, Yeganə Axundova, Hacı İsmayılov, Əməkdar artist Brilyant Dadaşova, Əməkdar incəsənət xadimi Cəmil Quliyev xatirələrini bölüşüblər.
Qeyd olunub ki, Əminə Yusifqızı xalqın sevgisini qazanmış nadir sənətkarlardandır və onun səsi, ifası və yaradıcılığı hər zaman yaddaşlarda yaşayacaq.
Əminə Yusifqızı ötən gün 89 yaşında vəfat edib.
DOĞRU.AZ