IDEA İctimai Birliyi Kür çayının Xəzər dənizi ilə qovuşduğu ərazidə – Neftçala rayonu yaxınlığında ənənəvi təmizlik aksiyası həyata keçirib.
Doğru.az-a verilən məlumata görə, aksiyada 100-dən çox IDEA könüllüsü iştirak edib. Sanitar normalara uyğun ləvazimatlar və xüsusi qayıqlar vasitəsilə keçirilən tədbirdə sahilboyu ərazilər və çayın suları müxtəlif məişət tullantılarından, eləcə də qanunsuz balıqçılıq alətlərindən – sintetik torlardan və digər kustar qurğulardan təmizlənib.
Təhlükəli tullantılar balıqların kürüləmə dövrü ilə üst-üstə düşən bu aylarda çay-dəniz qovşağında balıq ehtiyatlarına ciddi zərər vurur. Bu səbəbdən görülən tədbirlər təkcə təmizliyə deyil, həm də ekosistemin qorunmasına xidmət edir.
Aksiya nəticəsində 2.5 ton tullantı toplanaraq Neftçala rayonunun tullantı poliqonuna daşınıb. Yerli sakinlərə tullantıların ətraf mühitə və su canlılarına təsiri ilə bağlı maarifləndirici məlumatlar da təqdim olunub.
IDEA İctimai Birliyi texniki dəstəyə görə Dövlət Sərhəd Xidmətinə və bütün könüllülərə təşəkkürünü bildirib. Birlik, həmçinin vətəndaşları təbiətə həssas yanaşmağa, sahilləri təmiz saxlamağa və gələcək aksiyalarda fəal iştirak etməyə dəvət edir.
Həmin paylaşımı təqdim edirik:
DOĞRU.AZ